Azərbaycan, Bakı, 6 sentyabr /Trend, müxbir Ş.Cavadsoy/
Bu gün estrada müğənnisi Roza Zərgərli Trend Xəbərlər Şirkətinin Mətbuat Mərkəzində iyul ayında Türkiyənin İstanbul şəhərində "İstanbul qızı" mahnısına çəkdirdiyi klipini jurnalistlərə təqdim etdi. Media nümayəndələri qarşısına klipin rejissoru Orman Çingizoğlu, mətbuat katibi Yeganə Rzaxanova və ekran işində gözəlliyinə rəng qatan stilist Anar Ağakişiyevlə birlikdə çıxan Roza, qələm əhli ilə diskussiyaya girib ünvanlanan bütün suallara səmimi cavab verdi.
Həmişə olduğu kimi, yenə də klip təqdimatlarının ən aktual sualı "nə qədər maliyyə vəsaiti xərclənib" sualı əsas mövzu kimi müzakirəyə çıxarıldı. Öncə məbləğ açıqlamaq istəməyən müğənni, sonda 5 nəfərlik yaradıcı heyətin İstanbulda qalmaq xərcləri də daxil olmaqla, ümumi klipin 30 min ABŞ dollarına başa gəldiyini söylədi.
Sevgi tarixçəsini özündə əks etdirən ekran işində əsas qəhrəman obrazını Roza Zərgərli və məşhur türk aktyor Erol Günaydın canlandırıblar. Heç bir təmənna güdmədən Rozanın klipində çəkilməyə razılıq verən aktyor süjet xəttində xatirələrə dalıb, dünyasını dəyişən həyat yoldaşını itirməsi ilə barışa bilmir. Görüntü ilə mahnının sözləri bir-birini tamamladığı üçün jurnalistlər klipin uğurlu alınması münasibətilə səbəbkarları təbrik etdilər. Çəkilişləri Bosfor boğazında və Türkiyənin Böyükada adasında aparılan "İstanbul qızı"nın yayımı bu gündən etibarən Azərbaycan telekanallarında başlanacaq. Gecikmənin səbəbi isə klipin 10 gün ərzində eksklüziv olaraq Türkiyənin "TMB" televiziyasında nümayiş olunması ilə bağlıdır.
Məlumat üçün bildirək ki, mahnının sözləri xalq şairi Zəlimxan Yaquba, musiqisi isə bəstəkar Aynur Adilqızına məxsusdur.
Foto: Şahin Cavadsoy