Müğənni və teleaparıcının "kolbasa döyüşü" (FOTO)

Azərbaycan, Bakı, 7 sentyabr /Trend, müxbir Ş.Cavadsoy/
İllərdən bəri dostluq münasibətində olan populyar estrada müğənnisi və bəstəkar Rəhim Rəhimli ilə Lider TV-də "Ay ev yiyəsi" adlı verilişin aparıcısı Lalə Əlimuxtarova çəkilişlərin birində kolbasa-çörəyə görə üz-üzə gəldilər.
Restoranların birində kamera qarşısında dayanıb saatlarla proqrama çəkilən dostlar ac olduqları üçün ofisiantdan xahiş etdilər ki, yeməyə bir şey gətirsin. Bir neçə dəqiqə keçmədi ki, istəkləri yerinə yetirildi və 2 nəfərlik deyil, çörəyin arasında cəmi bir buterbrod onlara verildi. "Qarın qardaşdan irəlidir" deyib iştahla yeməyə başlayan Lalə, çox xahiş-minnətdən sonra yediyi kolbasanın bir tikəsini Rəhimlə bölüşdü. Könülsüz atdığı addımdan peşman olmasını sezmək elə də çətin deyildi.
Ətrafda baş verənləri seyr edən müğənni Niyaməddin Salami isə yeməyi bölüşdürə bilməyən dostlarına söz verdi ki, "narahat olmayın, çəkiliş bitən kimi sizə özüm qonaqlıq verəcəyəm". Yalnız bundan sonra "kolbasa döyüşü" sakitləşdi. Bu gün isə istəklərindən asılı olmayaraq, yaşadıqları aclıq onları "Prikol-taym!" layihəmizin qəhrəmanına çevirdi.
Foto: Şahin Cavadsoy