...

Sərxan Kərəmoğlu baba olmağa tələsir

Mədəniyyət Materials 26 Sentyabr 2011 18:53 (UTC +04:00)
Moskvada Nəsibə Zeynalova adına Teatrın yaradıcısı kimi tanınan, indi isə İstanbulda rejissor və prodüser kimi fəaliyyətini davam etdirən Sərxan Kərəmoğlu bu gün özünün növbəti ad gününü qeyd edir.
Sərxan Kərəmoğlu baba olmağa tələsir

Azərbaycan, Bakı, 26 sentyabr /Trend, müxbir Ş.Cavadsoy/

Moskvada Nəsibə Zeynalova adına Teatrın yaradıcısı kimi tanınan, indi isə İstanbulda rejissor və prodüser kimi fəaliyyətini davam etdirən Sərxan Kərəmoğlu bu gün özünün növbəti ad gününü qeyd edir. Trend-in təbrik zənginə İstanbuldan telefonla cavab verən Sərxan şad günü barədə bunları söylədi.

"Bu günə qədər heç vaxt ad günümü keçirməmişəm. Dünən yaxın dostlarımdan biri olan Bülent bəyin sahibi olduğu hoteldə öz aramızda yığışdıq. Səhnədə Türkiyənin tanınmış şoumen-müğənnisi Fatih Ürek çıxış edirdi. Müğənni dostum Hayfi Fatihe söylədi ki, Sərxanın ad günüdür. O da məmnunluqla təbrik etdi. Yəni nə məclis oldusa gecə oldu. Bu gün ailə üzvlərimin əhatəsində, evdə süfrə başında toplaşacağıq. Keçirdiyim hislərdən nə danışım? Adam qocalır (gülür). Zarafat edirəm, xoş günümdür. Bir dəfə 5-6 il bundan əvvəl çəkdiyim "Adam ol" filminin çəkilişləri zamanı prodüser Tolik məni məcbur etdi ki, dostlarımızı da bir araya toplayıb ad günümü restoranda qeyd edək. Getdik və Türk dünyasının sənət kraliçası, yaxın dostum, xalq artisti İlhamə Quliyeva da məclisə təşrif buyurdu. Yadımda qalan yalnız o tədbir olub. Məncə ad gününün vacibliyi səbəbkar üçün yox, onu dünyaya gətirən valideynlər üçündür. Daha sonra bacı, qardaşı, övladları üçün xoş tarixdir. "Nə gözəl ki, mən dünyaya gəlmişəm" deyirsən. Yaş da keçir. Məncə şadyanalıq məclisinin keçirilməsi də səbəbkarın əhvalının pozulmamasına dəlalət edir", - Sərxan belə dedi.

"Facebook" sosial şəbəkəsində illərdən bəri virtual dostluq etdiyi insanlardan da təbrik aldığını vurğulayan Kərəmoğlu, neçə yaşının tamam olması ilə bağlı sualımızı isə cavabsız qoydu. "Bu deyilməz. Ümumiyyətlə, sənətçidən neçə yaşının olmasını soruşmaq olmaz. Bu, günahdır. Arzularıma gəldikdə isə bundan sonra yalnız övladlarımın xoşbəxt gələcəkləri üçün çalışacağam. Allah-Təala onların toylarını görməyi mənə qismət etsin. Universiteti bitirən kimi toy edəcəyəm ikisinə də. İnşallah, tezliklə baba olmaq istəyirəm", - Sərxan Kərəmoğlu əlavə etdi.

Xəbər lenti

Xəbər lenti