...

Nurəddin Mehdixanlı: Həmişə teatra məbəd kimi baxmışam (MÜSAHİBƏ)

Mədəniyyət Materials 6 Oktyabr 2011 16:38 (UTC +04:00)
6 oktyabr tarixində Azərbaycanın xalq artisti, Akademik Milli Dram Teatrının aktyoru Nurəddin Mehdixanlı özünün 55 illik yubileyini qeyd edir.
Nurəddin Mehdixanlı: Həmişə teatra məbəd kimi baxmışam (MÜSAHİBƏ)

Azərbaycan, Bakı, 6 oktyabr /Trend, müxbir Ş.Cavadsoy/

6 oktyabr tarixində Azərbaycanın xalq artisti, Akademik Milli Dram Teatrının aktyoru Nurəddin Mehdixanlı özünün 55 illik yubileyini qeyd edir. Trend olaraq aktyoru təbrik etmək üçün onunla telefon əlaqəsi yaratdıq. Nurəddin Mehdixanlı isə həm ad günü təəssüratlarından danışdı, həm də eksklüziv olaraq Yaltada keçirilmiş "Teatr. Çexov. Yalta-2011" şüarı altında təşkil edilən beynəlxalq teatr festivalında səhnəyə içkili vəziyyətdə çıxması haqqında yayılan söz-söhbətlərə, teatrın direktoru İsrafil İsrafilov tərəfindən töhmət almasına şərh verdi:

- 55 yaşa necə gəlib-çatdım, bilmirəm. Amma yaşadım və yaşadığım dövrlə, həyatımla fəxr edirəm. Sevinirəm, çünki kiməsə hesab vermək məcburiyyətində deyiləm. Gözəl ailəm, övladlarım və ən başlıcası, sədaqətli tamaşaçılarım var. Varım, dövlətim budur. Oğlum bu günlərdə vətənə olan borcunu ödəyib, hərbi xidmətdən geri dönür və bu hadisə ad günümlə üst-üstə düşür. Səbrsizliklə yolunu gözləyirik. Hesab edirəm ki, cəmiyyət üçün lazımlı, ağıllı övladlar böyüdüb tərbiyə etmişəm. Amma təbii ki, həyatın şirinli-sevincli günləri olduğu kimi, çətinlikləri, problemləri də bizdən yan keçmir. Qara fikirli insanlar var ki, öz niyyətlərindən əl çəkmirlər. Fürsətdən istifadə edib, Trend vasitəsilə öz dərin təşəkkürümü bildirim ki, onlar mənə 55 yaşım ərəfəsində çox gözəl "hədiyyə" etdilər. Teatrımızın rəhbərliyi mötəbər teatr festivalında uğur qazandığımız bir vaxtda töhmət hədiyyəsini təqdim etdi. Hər şeyi onların vicdanına və əxlaqına buraxıram. Məni tanıyan insanlar bilirlər ki, Nurəddin Mehdixanlı həmişə teatra məbəd kimi baxıb, səhnəni də müqəddəs sayıb. Nurəddinlə 30 il çiyin-çiyinə çalışan aktyor dostları yaxşı bilirlər ki, mən heç vaxt səhnəyə sərxoş vəziyyətdə çıxmamışam. Əksinə, səhnəyə o vəziyyətdə çıxan insanlarla mübarizə aparanlardan biri olmuşam. Ranqından, titulundan asılı olmayaraq o cür insanlarla savaşıb mübarizə aparmışam. Bunu teatrdan istənilən aktyordan soruşa bilərsiniz. Barəmdə başlanılan qara piar kampaniyası təkcə Nurəddin Mehdixanlıya yox, Akademik Milli Dram Teatrına yaxılan ləkədir. Necə olur ki, teatr kollektivi olaraq 12 xarici dövlətin - Fransa, İtaliya kimi öllələrin qatıldığı beynəlxalq teatr festivalında uğur qazanaraq ən yüksək aktyor ustalığı nominasiyası ilə mükafat alırıq və teatrımızın rəhbəri televiziyalara verdiyi müsahibələrində bu uğurdan danışıb mükafatları göstərir, ayaq üstə "bravo" sədaları altında alqışlanan aktyordan danışır, üstündən bir həftə keçəndən sonra içkili halda səhnəyə çıxdığına görə ona töhmət verir. Hanı burada məntiq? Əgər Nurəddin Mehdixanlı sərxoş idisə, onda bu mükafatları necə qazandıq? Onda tamaşa necə alınıb? Axı tamaşanın əsas yükünü Nurəddin öz çiyinlərində daşıyıb. Necə oldu bu mükafatı aldı? Münsiflər heyətində təmsil olunanlar da başqa ölkələrin teatr mütəxəssisləri idi. Fikrimcə, burada Akademik Milli Dram Teatrının uğuruna sevinməyən insanların rolu yetərincədir. Teatrımızı həmişə intriqa, qarşıdurma içərisində görmək istəyən insanlar var. Problemlərdən xilas olub inkişafa doğru addımlayan teatrımızı içimizdə sevməyən, gözügötürməyənlər var. Aktyorların nüfuzundan, tamaşaçı qarşısında, cəmiyyətə olan hörmətindən qorxanlar az deyil. Kimlərsə elə bilir ki, aktyorlardan hansısa birinin onların kürsülərində gözləri var. Amma anlamırlar ki, Nurəddin Mehdixanlı üçün ən böyük şərəf aktyor olmaqdır. Əgər dünyasını dəyişmiş Həsənağa Turabov vaxtilə Akademik Milli Dram Teatrının direktoru olmasaydı, bu gün aktyor kimi yaşayıb yaradardı. O cümlədən Əliabbas Qədirov da. Amma bu gün ətrafımda olan bəzi insanlar yalandan xəbər yayırlar ki, Nurəddin Mehdixanlı guya teatrda direktor olmaq iddiasındadır. Və bu səbəbdən də ona qarşı qara piara başlayaq. Nə üçün? Çünki Nurəddin sözü düz və üzə deyir, kollektivin haqqını tələb etməyi bacarır? Suallar çoxdur, onda nə etməli, elə şey deyilməli, elə ləkə yaxılmalı ki, o, camaatın gözündən düşsün? Bu, sovet dövründə kommunistlərin faydalandığı ən yaxşı üsullardan biri idi. O zamanlar kiməsə qarayaxmaqdan ötrü ya arvadbazlığı qoyardılar boynuna, ya da sərxoşluqda günahlandırardılar. Amma bu cür şeylərdən uzaqlaşmaq lazımdır. Nurəddinin adı qalxırsa, bu, teatr üçün başucalığıdır. Nurəddinin festivalda qazandığı uğuru təkcə mənə məxsus deyil, bu, Azərbaycan aktyor məktəbinin adına yazılan şərəfdir. Festivalda mənimlə eyni tamaşada çıxış edən aktyorlar - Ramiz Novruz, Mətanət Atakişiyeva, Ələsgər Məmməoğlu, Əlvida Cəfərov, Xədicə Novruzova ilə birlikdə bu qələbəni əldə etmişik.

Tam səmimiyyətimlə deyirəm, əgər bu söz-söhbət başqa vaxta təsadüf etsəydi, bu mənə elə də təsir etməzdi. Ad günümə bir gün qalmış bu məsələnin ortalığa atılması ürəkaçan deyil. Əgər hansısa tamaşaçı və ya dostumun bu söz-söhbətə görə gözündən düşəcəyəmsə, elə düşməyim məsləhətdir. Dediyim kimi, məni tanıyanlar çox gözəl bilirlər ki, Nurəddin Mehdixanlı kimdir. Bilirlər ki, heç vaxt belə bir addım atmaram. Özünü şərəfli hesab edən kimsə gəlib bunu mənə sübut etsin ki, içkili vəziyyətdə səhnəyə çıxmışam. İstəməzdim ki, ad günümdə bu cür qanqaraldıcı söhbətlərdən danışım. Sadəcə istədim ki, hər şeyi oxuculara olduğu kimi çatdırasınız.

- Sizin kişiliyiniz, mənliyiniz həmişə cəmiyyətdə örnək kimi göstərilib. Dediyiniz qara piar şəxsiyyətinizə heç də ləkə yaxa bilmədi...

- Mən həmişə kollektivin haqqını-hüququnu tələb etmişəm. İstəyirəm bunu açıq şəkildə sizinlə bölüşüm. Biz festivala gedəndə rəhbəlik qarşısında tələb qoydum ki, həm aktyorlar, həm də texniki işçilər üçün ezamiyyət xərci verilsin. Söylədilər ki, ezamiyyət haqqı verilməyəcək. Mən də şərt qoydum ki, əgər pul ödənilməsə şəxsən mən festivala getməyəcəyəm. Məcburiyyət qarşısında qalıb bizə pul ödədilər. Yaltada tamaşa vaxtı pyesin müəllifi mənə mizan göstərir ki, bəzi səhnələrdə yeniliklər edim. Axı mən 6-7 ildir bu tamaşanı oynayıram və bilirəm ki, harada nəyi, necə etmək lazımdır. Amma mən rolu neçə ildir necə ifa edirəmsə, elə də oynadım. Digər tərəfdən onlar mənə "Cavadxan" filminin Polşada baş tutan nümayişinə getməyə icazə vermədilər. Digər tərəfdən hərbi xidmətdə olan oğlumla görüşməli idim. Bilet tapmaq məsələsində də bəzi problemlər oldu. Amma mən Bakıya qayıtdım. Və bundan sonra fikirləşiblər ki, bu dikbaşı necə ram edək? Söhbət gəlib çatır, guya mən demişəm ki, əgər teatrın direktoru olsam aktyorları başqa cür yaşadaram. Yaşamaq üçün aktyor olmaq istəyirəm. Mənim haqqımda olmazın ittihamlar səsləndirirlər. Və teatrın rəhbərliyi də görüşümüz olmadan məni töhmətlə "mükafatlandırır". Hələ Yaltada olduğumuz zaman gündəlik tamaşalar üçün hazırlanan afişalarda baş rolun ifaçısı kimi mənim şəklim vurulmamışdı. Bu hazırlanmış bir iş idi. Nurəddini sındırmaq və teatrda olan əsas qüvvələri üz-üzə qoymaq. Ad da çəkə bilərəm. Həmkarım Ramiz Novruzla məni üz-üzə qoymaq istəyirlər. İkimiz də teatrda sütun hesab edilən aktyorlarıq. Başa düşmək istəmirlər ki, düşmənçilik teatra heç də uğur gətirə bilməz. Əzizlərim, teatrın yükünü illərlə çiyinləri üzərində daşıyan insanları infark edib, məhv etmək olmaz axı... Aktyor İlham Əsgərov insult oldu teatrdakı söz-söhbətlərə görə. Mən də ürək xəstəsi olan insanam. Məqsəd nədir? Bu adamları öldürüb, sıradan çıxarmaq olmaz. Üzr istəyirəm ifadəmə görə, belə başyeyənlik olmaz. Lakin başımın üstündə olan Allahım həmişə məni qoruyub. Və zaman-zaman bu kimi sınaqlardan layiqincə çıxmışam. Başım daim dik olduğu üçün saçımı 55 yaşına çatmamış ağartdım. Bununla da qürur duyuram. Fəxr edirəm ki, yaradıcı insan kimi məni sevən milyonlarla tamaşaçının sevgisi ilə əhatə olunuram.

P.S. Sonda sevimli sənətkarımızı yubileyi münasibətilə təbrik edir, ona şəxsi həyatında xoşbəxtlik arzulayıb, aktyor kimi uğurlarının davamlı olmasını diləyirik.

Xəbər lenti

Xəbər lenti