...

"Eurovision 2004"-ün qalibi Alim Qasımovla duet oxuya bilər

Mədəniyyət Materials 28 Yanvar 2012 10:47 (UTC +04:00)
Eurovision Mahnı Müsabiqəsinin Açar Təqdimetmə mərasimində Alim Qasımovun ifasında “Sarı gəlin” mahnısını dinləyən Ruslana səhnə arxasında sənətkarla görüşüb
"Eurovision 2004"-ün qalibi Alim Qasımovla duet oxuya bilər

Azərbaycan, Bakı, 28 yanvar / Trend müxbir M.Əliyev/

"Eurovision" Mahnı Müsabiqəsinin Açar Təqdimetmə mərasimində Alim Qasımovun ifasında "Sarı gəlin" mahnısını dinləyən Ruslana səhnə arxasında sənətkarla görüşüb. Trend-in məlumatına görə, bu barədə Eurovision Azərbaycandakı rəsmi saytında bildirilir.

"Mənim üçün konsertin kulminasiyası siz idiniz. Mən öz dostuma deyirdim ki, ondan sonra səhnəyə çıxmaq çətindir. İstedadınıza heyranam. İfanız heyrətamiz idi. Bizi çox təsirləndirdiniz", - Ruslana deyib.

"Eurovision 2004"-ün qalibi Ruslana Azərbaycanın xalq artisti Alim Qasımovun sənətinə vurğunluğunu ifadə edib.

Alim Qasımov isə Ruslananın çıxışlarını televiziya vasitəsilə izlədiyini deyib. O ukraynalı müğənnini enerjili və xüsusi texnikaya malik ifaçı kimi bəyəndiyini də qeyd edib.

Alim Qasımov Ruslana ilə duet oxuya biləcəyini də söyləyib. "Azərbaycan musiqisi çox zəngindir. Onu istənilən ölkənin musiqisi ilə sintez edib, maraqlı eksperimentlər üzə çıxarmaq olar" - xanəndə bildirib.

Bakıda çərşənbə günü "Eurovision 2012"-nin rəmzi açarının təhvil verilməsi mərasimi keçirilib.

Trend-in məlumatına görə, "Buta Palace"da keçirilən tədbirdə açar təqdim etmə mərasimində "Eurovision 2011"-ə ev sahibliyi etmiş Düsseldorf şəhərinin meri Dirk Elsbers "Eurovision" mahnı müsabiqəsinin rəmzi açarını Bakı şəhərinin meri Hacıbala Abutalıbova təqdim edib. Bununla da Bakı "Eurovision 2012"-yə ev sahibliyini rəsmən qəbul edib.

Azərbaycan 2011-ci ilin mayında Düsseldorfda keçirilən "Eurovision" müsabiqəsində qələbə çalaraq Avropanın məşhur yarışmasına ev sahibliyi etmək hüququ qazanıb.

May ayının 22-si və 24-də "Eurovision 2012"-nin yarımfinal, 26-da isə final mərhələsi keçiriləcək. Müsabiqənin qaydalarına əsasən, 5 ölkə - Almaniya, Fransa, Böyük Britaniya, İtaliya və İspaniya, eləcə də ötən ilki müsabiqənin qalibi kimi Azərbaycan birbaşa final mərhələsində çıxış edəcək.

Xəbər lenti

Xəbər lenti