...

Ajda Pekkanda ürək xəstəliyi aşkar edilib

Mədəniyyət Materials 22 Mart 2012 17:01 (UTC +04:00)
Türkiyə estradasının pop kraliçası Ajda Pekkanın 4 ildir ürək xəstəsi olduğu məlum olub.
Ajda Pekkanda ürək xəstəliyi aşkar edilib

Azərbaycan, Bakı, 22 mart /Trend, müxbir X.Murtuzayeva/

Türkiyə estradasının pop kraliçası Ajda Pekkanın 4 ildir ürək xəstəsi olduğu məlum olub. Bir az əvvəl superulduzun ürəyinə iki stend qoyulmasına baxmayaraq, bu günlərdə daha bir stend əməliyyatı da həyata keçirilib. Bu barədə Trend Türkiyə KİV-ə istinadən məlumat verir.

66 yaşlı Ajda Pekkan ürək xəstəliyi olduğunu hətta öz ən yaxın dostlarından belə gizlədib. Səhnə enerjisi və şouları ilə tamaşaçıları heyran edən Pekkanın ürəyində problemlər dörd il əvvəl özünü büruzə verib. Dəqiq müayinə olunmaq üçün həkimə gedən Pekkanın ürək damarlarının ikisində daralma olduğu təsdiqlənib.

"Vatan" qəzetinin məlumatına görə, müğənninin ürəyinin sağ və sol tac damarlarına əməliyyat yolu ilə iki stend qoyulub. Anasını ürək tutması səbəbindən itirən Pekkan nasazlığı barədə açıqlama verməyib. Lakin ötən çərşənbə axşamı özünü yaxşı hiss etmədiyindən məşhur sənətçi Nişantaşı Teşvikiyədəki diaqnostika mərkəzinə gedir. Mərkəzdə stendlərlə bağlı problem olmadığını, lakin sağ tac damarda yeni bir daralmanın olduğunu öyrənir.

Bu səbəbdən ötən həftəsonu Ajda Pekkan Kozyatağındakı Yedditəpə Universiteti xəstəxanasına yerləşdirilib. Əməliyyat yolu ilə onun ürəyinin sağ damarındakı daralma yeni stendin yerləşdirilməsi yolu ilə uğurla aradan qaldırılıb. Həkimlər "riskli" olduğunu söyləyərək sənətçinin bir neçə ay işləməyə ara verərək dincəlməsini məsləhət görüblər. Lakin Pekkanın konsertlərini təxirə salmayacağı məlum olub.

Xatırladaq ki, ulduzun anası Nevin Dobruca da 1999-cu ildə Mərmərə zəlzələsi zamanı 74 yaşında ürək tutmasından vəfat etmişdi.

Xəbər lenti

Xəbər lenti