Azərbaycan, Bakı, 26 mart /Trend/
Fransanın "Eurovision 2012" təmsilçisi Eldar və Nigarın ifalarını son dövrlərin ən parlaq "Eurovision" çıxışlarından hesab edir.
Trend müsabiqənin rəsmi saytına istinadən məlumat verir ki, Fransanın əslən İndoneziyadan olan "Eurovision 2012" təmsilçisi Anqun (Anggun) builki müsabiqənin səviyyəsini yüksək dəyərləndirib.
Onun fikrincə, budəfəki şouda güclü və gözəl mahnılar yarışacaq. Anqun "Eurovision"da müğənninin deyil, ifa etdiyi mahnının ulduz olduğunu düşünür.
Fransalı müğənni rəqibi - əslən mərakeşli olan İsveçin "Eurovision 2012" təmsilçisi Lorini (Loreen) çox bəyənir. 15 il bundan əvvəl Avropaya köçən Anqun elə həmin vaxtdan "Eurovision" mahnı müsabiqəsinin pərəstişkarına çevrildiyini söyləyir. Son dövrlərin ən parlaq çıxışları arasında o, "Eurovision" ulduzları Sertab Erener, Dana International, Patrisia Kaas, Ell & Nikki və "Lordi"ni qeyd edib.