...

Azərbaycanda aşıqlar üçün xüsusi səhnə geyimləri hazırlanacaq

Mədəniyyət Materials 3 Aprel 2012 12:42 (UTC +04:00)
Azərbaycanda aşıqlar üçün xüsusi səhnə geyimləri hazırlanacaq. Bu barədə Trend Mədəniyyət və Turizm Nazirliyinin rəsmi saytına istinadən məlumat verir.
Azərbaycanda aşıqlar üçün xüsusi səhnə geyimləri hazırlanacaq

Azərbaycan, Bakı, 3 aprel / Trend müxbir İ.İsabalayeva/

Azərbaycanda aşıqlar üçün xüsusi səhnə geyimləri hazırlanacaq. Bu barədə Trend Mədəniyyət və Turizm Nazirliyinin rəsmi saytına istinadən məlumat verir.

Nazirlikdən bildirilib ki, bəzən ictimaiyyət tərəfindən aşıqlarımızın geyimlərinə müəyyən iradlar bildirilir. Beynəlxalq və respublika səviyyəli tədbirlərdə Azərbaycan aşıqlarının bir sıra hallarda aşıq sənətinin yüksək səviyyəsinə uyğun olmayan geyimlərdə çıxması bu sahədə mövcud olan pərakəndəliyin aradan qaldırılması zərurəti yaradır.

Qeyd edilənləri nəzərə alaraq, Mədəniyyət və Turizm Nazirliyi Azərbaycan aşıqları üçün səhnə geyim eskizinin hazırlanması üzrə müsabiqə elan edir. Müsabiqədə iştirak üçün təqdim edilən layihə Azərbaycan aşıq sənətinin qorunub saxlanılmasına, təbliğ olunmasına və gələcək nəsillərə çatdırılmasına xidmət etməlidir.

Layihə bütün geyim elementlərinin (qayış, çəkmə və s.) eskizləri ilə birlikdə təqdim edilməlidir.

Müsabiqədə iştirak edənlərə tövsiyə olunur ki, layihənin hazırlanmasına bu sahədə müvafiq bilik və təcrübəyə malik folklorşünasları, tarixçiləri, ədəbiyyatçıları və digər mütəxəssisləri cəlb etsinlər.

Hazırlanacaq səhnə geyiminin eskizində milli ornamentlər öz əksini tapmalı və Azərbaycana məxsusluğu bilinməlidir.

Müsabiqə üçün layihələr iyunun 1-dək təqdim edilməlidir.

Xəbər lenti

Xəbər lenti