Azərbaycan, Bakı, 2 may /Trend, müxbir İ.İsabalayeva/
"Eurovision" müsabiqəsinin Azərbaycandakı rəsmi fan klubu "Facebook" səhifəsində "Xoşbəxt ailə" adlı fotomüsabiqəyə start verib. Fan klubdan çərşənbə günü Trend-ə verilən məlumata görə, müsabiqədə iştirak etmək üçün [email protected] ünvanına müraciət göndərilməlidir.
Müsabiqənin şərtlərinə əsasən, şəkildə ailə tablosu əks olunmalı və şəkil heç bir qrafik proqramda redaktə olunmamalıdır. Şəklin ideya müəllifi ailə üzvlərindən biri olmalıdır və fotoşəkilin çəkilişində professional fotoqrafların xidmətindən istifadə etmək qəti qadağandır.
Qaliblər münsiflər heyəti tərəfindən təyin ediləcək. Qalib gələn şəxslər mükafatları əldə etmək üçün şəxsiyyəti vəsiqəsi və nikah haqqında şəhadətnaməni təqdim etməlidirlər. Müsabiqədə I yerə layiq görülənlər 1500, II yerə layiq görülənlər 1000, III yerə layiq görülənlər isə 700 manatlıq "Embawood" hədiyyə kuponu ilə mükafatlandırılacaq.
Şəkillərin qəbulu mayın 1-dən 14-dək davam edəcək. Qaliblər mayın 15-də - "Ailə Günü"ndə fan klub və "Embawood" tərəfindən mükafatlandırılacaq və "Eurovision"un rəsmi fan klubunun "Facebook" səhifəsində elan ediləcək.