...

"Qız Qalası" Beynəlxalq İncəsənət Festivalı işə başlayıb (FOTO)

Mədəniyyət Materials 17 May 2012 13:35 (UTC +04:00)
"Qız Qalası" Beynəlxalq İncəsənət Festivalı işə başlayıb
"Qız Qalası" Beynəlxalq İncəsənət Festivalı işə başlayıb (FOTO)

Azərbaycan, Bakı, 17 may /Trend, müxbir S.Agayeva/

Bu gün Kiçik Karvansarayda Heydər Əliyev Fondunun təşəbbüsü ilə Nazirlər Kabineti yanında "İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi, Müasir İncəsənət Muzeyi və "Qız Qalası" İncəsənət Qalereyasının təşkilatçılığı ilə İçərişəhərdə keçirilən "Qız Qalası" Üçüncü Beynəlxalq İncəsənət Festivalının rəsmi açılış mərasimi olub.

İdarənin mətbuat xidmətindən Trend-ə daxil olan məlumata görə, mərasimi giriş nitqi ilə açan "İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin rəisi Mikayıl Cabbarov bu festivalın artıq üçüncü dəfə uğurla keçirildiyini xatırladıb.

O deyib ki, "Qız Qalası" Üçüncü Beynəlxalq İncəsənət Festivalı Azərbaycanın ən qədim abidələrindən biri olan Qız Qalasının daha geniş tanınması və populyarlaşdırılmasında əhəmiyyətli rol oynayır.

O, bu il Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın rəhbərlik etdiyi İDEA ekoloji kampaniyası çərçivəsində ilk dəfə olaraq nəsli kəsilməkdə olan "Qafqaz beşliyi"nə diqqəti cəlb etmək üçün ceyran maketlərinin də ötən il festivalda iştirak etmiş və artıq festivalın dostları olan rəssamlar tərəfindən bəzədiləcəyini xüsusi vurğulayıb.

Cabbarov festivalın keçirilməsinə göstərdiyi dəstəyə görə Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevaya minnətdarlığını bildirib.

Müasir İncəsənət Muzeyinin icraçı direktoru Ceyhun Ağakişibəyli bildirib ki, rəssamlar tərəfindən bəzədilmiş Qız Qalası maketləri Müasir İncəsənət Muzeyində nümayiş etdiriləcək.

Qeyd edək ki, bu gün rəssamlar Qız Qalasının qarşısındakı meydanda saat 14:00-dan başlayaraq Qız Qalası maketlərinin və ceyran maketlərinin bəzədilməsinə başlayacaqlar.

Xəbər lenti

Xəbər lenti