...

GRID 2012 - Beynəlxalq Fotoşəkil Biennalesində Azərbaycan ilk dəfə təmsil olunub (FOTO)

Mədəniyyət Materials 18 May 2012 15:00 (UTC +04:00)
Niderlandda keçirilən GRID 2012 - Beynəlxalq Fotoşəkil Biennalesində Azərbaycan ilk dəfə təmsil olunub. Yeni meydana çıxmış fotoqraf İlkin Hüseynov Azərbaycanda müasir incəsənətin inkişafı üzərində çalışan "YARAT!" qeyri-kommersiya təşkilatının dəstəyi ilə yuxarıda qeyd olunan tədbirdə çəkdiyi sənədli şəkillərin yeni silsiləni təqdim edib.
GRID 2012 - Beynəlxalq Fotoşəkil Biennalesində Azərbaycan ilk dəfə təmsil olunub (FOTO)

Azərbaycan, Bakı, 18 may /Trend/

Niderlandda keçirilən GRID 2012 - Beynəlxalq Fotoşəkil Biennalesində Azərbaycan ilk dəfə təmsil olunub. Yeni meydana çıxmış fotoqraf İlkin Hüseynov Azərbaycanda müasir incəsənətin inkişafı üzərində çalışan "YARAT!" qeyri-kommersiya təşkilatının dəstəyi ilə yuxarıda qeyd olunan tədbirdə çəkdiyi sənədli şəkillərin yeni silsiləni təqdim edib. İşlərin kurasiyasını 2011-ci ildə 54-cü Venesiya Biennalesində Azərbaycan pavilyonunun həmkoordinatoru olan Suad Qarayeva yerinə yetirib.

Hüseynovun şəkillərində Azərbaycanın paytaxtı Bakı şəhərinin ətrafında yerləşən qəsəbədə təşkil olunmuş toy mərasimində çəkilən kadrlar əks olunub. Xəzər dənizinin sahillərində yerləşən Nardaran qəsəbəsi yerli mədəniyyətin və icma ənənələrinin mühafizəsi ilə tanınır. Əsrlərboyu formalaşan ənənələr, məsələn, kişilər və qadınlar üçün ayrıca təşkil olunan toy mərasimləri indiyədək qorunur və bu, sürətlə avropalılaşan və müasirləşən qonşu kəndlərin əhalisindən nardaranlıları fərqləndirən cəhətdir. Odur ki, Hüseynovun işlərində artıq köhnəlmiş, lakin hər şeyə rəğmən inadla qorunan şəhər reallıqlarına özünəməxsus baxış təqdim olunur.

GRID 2012 tədbirində İlkin Hüseynovun Nardaran kişi toy mərasimində çəkdiyi iyirmi şəkildən on biri nümayiş olunub. Ənənəvi xeyir-şər mərasimləri sırf bu məqsədlə qurulmuş çadırlarda təşkil olunur; bu çadırlar yalnız yas və toy mərasimlərinin keçirilməsi üçün istifadə edilir. Bəşər övladının həyatında baş verən iki əsas hadisənin çadırlar vasitəsilə müəyyən mənada qovuşması çox zaman məşğul və kosmopolit şəhər həyat tərzinin kölgəsində qalan fərdi və sosial ünsiyyət təməllərinə qayıdış prosesini canlandırır.

Haydeqqerin "yaşamaq məskunlaşmaq deməkdir" konsepsiyasına istinad edərək, kurator Suad Qarayeva qeyd edib: "Biz çadırın təməl məskunlaşma vahidi kimi vacibliyini vurğulamaq məqsədilə işləri məhz şəkillərin çəkildiyi çadırda nümayiş etdirmək qərarına gəldik. Müasir şəhərin mühitinə daban-dabana zidd olan Hüseynovun instalyasiyası şəhər həyatının fərqli aspektləri üzərində dərindən düşünmək üçün imkan yaradır."

Əlavə məlumat üçün Paget PR nümayəndəsi Uil Pecetlə [email protected] elektron ünvanına yazmaqla və ya 020 7323 6963 nömrəli telefona zəng vurmaqla əlaqə saxlamaq olar.

Təməli 2011-ci ildə Aidə Mahmudova tərəfindən qoyulan "YARAT!" qeyri-kommersiya özəl təşkilatı Azərbaycan müasir incəsənətinin milli və qlobal səviyyədə dəstəklənməsi və təbliği ilə məşğuldur. 2011-ci ilin oktyabr ayında "YARAT!" təşkilatının "Ön söz" adı altında ilk sərgisi təşkil olunub və yalnız bir ay ərzində sərgiyə 20 mindən artıq adam təşrif buyurub. Bu layihənin uğurunu davam etdirərək, "YARAT!" 2012-ci ilin fevral ayında "012 Bakı İncəsənət Festivalı"nı keçirib. "YARAT!" təşkilatının əsas məqsədi Azərbaycanda və ölkədən kənarda qeyri-kommersiya incəsənət təsisatları ilə dialoqun qurulması və təcrübə mübadiləsinin aparılmasıdır. "YARAT!" həmçinin incəsənətlə bağlı təhsil təşəbbüslərinin və beynəlxalq proqramların dəstəklənməsi məqsədini güdür.

İlkin Hüseynov Azərbaycanın paytaxtı Bakı şəhərində yaşayan bir çox mükafatla təltif edilmiş fotojurnalistdir. O, Azərbaycan və qonşu ölkələrdə sosial dəyişikliklər yaratmağa çalışan təşkilatlarla işləyərək son üç ildə sənədli fotoqraf kimi məşhurlaşıb. Öz işləri vasitəsilə müvafiq tarixçələr nəql etməklə, cəmiyyətin etinasız yanaşdığı məsələləri qabartmağa çalışır. 2011-ci ildə "Doğma Şəhər" layihəsinə görə Magnum Təsisatının Ehtiyat Fondu tərəfindən təltif olunub. Hüseynovun işləri Associated Press, InvisiblePhotographer, AFP, Reuters, Yahoo, CNN International, Globaljournalist və Media Paran agentlikləri tərəfindən işıqlandırılıb və çap olunub.

Hüseynov Manuel Rivera-Ortiz Fondunun təşkil etdiyi "Winephoto" müsabiqənin finalçısı olub və "PowerHouse"un keçirdiyi Kitablar müsabiqəsində ikinci yer tutub. Bu yaxınlarda o, Roberto Villagraz Təqaüd Proqramının qalibi və World Press Joop Swart Masterclass tədbirlərinin iştirakçısı elan olunub. O, həmçinin London Fotoşəkil Festivalının finalçısıdır.

Suad Qarayeva Londonda yaşıyan kuratordur. Londonun Ali İqtisadiyyat Məktəbinin Fəlsəfə və Dövlət Siyasəti üzrə magistraturasını bitirdikdən sonra, Qarayeva aparıcı investisiya banklarında maliyyə vəzifələrində işləyərək uğurlu karyera qurmağa nail olub. Suad Qarayeva Mərkəzi Sent-Martin Kollecində müasir incəsənəti tədqiq etməklə və sonradan Qlazqo Universitetində Kristis Təhsil Proqramı üzrə Aktual və Müasir İncəsənət üzrə magistr dərəcəsi almaqla incəsənət aləminə qədəm basıb. Hazırda Sotbisdə layihə meneceri vəzifəsində işləyir.

Bu layihə Bakı Şəhər Mədəniyyət və Turizm İdarəsinin dəstəyi ilə həyata keçirilir.

Qeyd edək ki, tədbirdə Azərbaycanın Niderland Krallığındakı səfiri Fuad İsgəndərov da iştirak edib.

Xəbər lenti

Xəbər lenti