Azərbaycan, Bakı, 18 may /Trend, müxbir V.İmanov/
Müasir Azərbaycan incəsənətinin inkişafı və təbliği ilə məşğul olan "YARAT!" qeyri-kommersiya təşkilatının təşkilatçılığı ilə cümə günü Bakıda, İçərişəhərdə rəssam Nəzrin Məmmədovanın "Xəzər" layihəsinin təqdimatı olub.
Trend-in məlumatına görə, "012 Baku Public Art Festival" çərçivəsində təşkil olunan tədbirdə "YARAT!" təşkilatının təsisçisi Aida Mahmudova, tanınmış rəssamlar və ictimai xadimlər iştirak ediblər.
Aida Mahmudova vurğulayıb ki, rəssam bu işdə Xəzər dənizinin Azərbaycan üçün əhəmiyyətini göstərmək, həmçinin ətraf mühit və ekologiya məsələsini qeyd etmək istəyib.
Heç kimə sirr deyil ki, incəsənət kütlənin diqqətini dövrümüzün ən aktual məsələlərinə cəlb etməyə qadir böyük aparıcı qüvvədir. Bunun bariz nümunəsi kimi Nəzrin Məmmədovanın instalyasiyasını göstərmək olar. İnstalyasiya 260x200x30 ölçülü dəniz suyu ilə doldurulmuş akvariumdan ibarətdir. Tarixi, retrospektiv aspektdə Xəzər tədqiq üçün çox qəribə obyektdir: okeanla əlaqəsi olmadan, о, suyunun tərkibi və orda yaşayan endemik (yerli) canlıların növlərinə görə dəniz hesab olunur. Azərbaycanın iqtisadi, mədəni və siyasi inkişafında Xəzər dənizi qədimdən mühüm rol oynayır. Bakı buxtası isə müxtəlif mədəniyyətləri və xalqları ticarət yolları vasitəsilə birləşdirən məkandır. Bunu Şirvaninin, Pontiyskinin və Balazirinin yazılı tarixləri də sübut edir. Sahilyanı landşaftların, infrastrukturun dağılması, biomüxtəlifliyin azalması və su mühitinin daha da çirklənməsinə səbəb olan və Xəzər dənizində suyun səviyyəsi ilə əlaqəli qeyri-adi mühüm ekoloji problemə də diqqət yetirmək lazımdır.
İnstalyasiyanın əsas vəzifələrindən biri iqlim dəyişiklikləri ilə şərtləndirilən təhlükələrin XXI əsrdə bəşəriyyət üçün həddindən artıq ciddi təhdid kimi qəbul edilməsinə auditoriyanın diqqətini yönəltməkdir. Akvariumun Bakı şəhərinin mərkəzində yerləşdirilməsi layihənin əsas detalıdır. Bu, bir növ Xəzər dənizinə ucaldılmış abidədir.
Hər bir mədəniyyət nəyin qorunmasını və saxlanılmasını, nəyin isə unudulmasını bizə diktə edir. Bu baxımdan instalyasiya bizə onu xatırladır ki, indiki müasir və dinamik inkişaf edən şəhərin yerində bir vaxtlar müəmmalı Xəzər dənizi uzanırdı...
Son yüz əlli il ərzində Xəzər dənizinin səviyyəsinin xeyli və dəfələrlə dəyişdiyini bizə gəlib çatan arxiv fotoşəkilləri əsasında ehtimal etmək olar. Belə ki, hərbi fotoqraf A.UIskinin 1883(64)-cü ildə çəkdiyi ən köhnə şəkillərdə sahil xətti Qız Qalasının ətəyinin, yəni indiki Muğam-Klub restoranının və Qalanın Kiçik Karvansarayı adlandırılan tikilinin yanından keçir. A.Mişonun Dağüstü park tərəfdən Bakı mənzərəsini həkk etdirmiş 1895-ci ilə aid fotoşəklində xeyli dəyişikliklər görmək olar: dəniz tərəfdən sökülmüş qala divarının arxasında bütöv silsilə evlər peyda olmuşdu, Aleksandr adına sahil küçəsi (indiki Neftçilər prospekti) çəkilmişdi, lakin sahil xətti boyunca bir dənə də olsun kiçik belə ağac yox idi. Bulvar bağının salınması şəhər dumasının, о cümlədən onun üzvü Məmməd Həsən Hacınskinin təşəbbüsü ilə 1909-1911-ci illərdə başlandı və həmin illərin fotomaterialları da bunu əyani surətdə sübuta yetirir. Beləliklə, su səviyyəsinin təbii dəyişiklikləri nəticəsində, habelə antropogen amillərin təsiri altında Bakının mərkəzi hissəsində, ayrı-ayrı yerlərdə sahil xətti xeyli geriyə çəkildi.
"012 Bakı Public Art Festival"da 21 tanınmış, həm də yeni fəaliyyətə başlayan rəssamlar iştirak edirlər. Onlar şəhərdə tarixi keçmişi olan bir sıra yerləri öz əsərlərində əks etdirirlər və onları qədim şəhərin ictimai yerlərində sərgiləyəcəklər. Martın 9-dan başlayaraq layihə 21 həftə müddətində davam edəcək. Layihə çərçivəsində hər cümə günü iştirakçı rəssamlardan biri müəllifə öz əsərlərini yaratmağa ilham verdiyi yerlərdə təqdim edəcək. Öz əsərlərini açıq şəkildə təqdim edən rəssamlar qalereyaların və muzeylərin yaratdığı məkan məhdudiyyətdən azad olmaqla özləri üçün yaradıcılıq sərbəstliyini təmin edir və geniş auditoriyanın diqqətini cəlb edəcəklər.
Aşağıda qeyd olunan iştirakçıların işləri sərgidə nümayiş olunub: Altay Sadıqzadə, Ağa Hüseynov, Fuad Salayev, Məmməd Mustafayev, Hüseyn Haqverdi, Mahmud Rüstəmov, Teymur Daimi, Niyaz Nəcəfov, Mehdi Məmmədov, Rəşad Ələkbərov, Əli Həsənov, Aida Mahmudova, Faiq Əhməd, Leyla Əliyeva, Fərid Rəsulov, Sitarə İbrahimova, Rəşad Babayev, Nail Ələkbərov, Orxan Hüseynov, Nəzrin Məmmədova, Şərqiyyə Rəhmanlı.
Festivalda iştirak edən rəssamların əksəriyyəti gənc nəslin nümayəndələridir və onlar yaşlı nəsillə birlikdə zəngin mədəni irslə əlaqəni qoruyaraq müasir Azərbaycan incəsənətinin inkişafı üçün çalışırlar. Bu, şəhər üzrə keçirilən festivalın bir hissəsi olaraq, tamaşaçıya sanki bu, rəssamın fərdi sərgisidir kimi hər bir rəssamın əsərini ayrılıqda qiymətləndirməyə imkan yaradacaq.
"012 Bakı Public Art Festival" çərçivəsində bir sıra mükafatlara layiq görülmüş gənc kinorejissor Rüfət Həsənov layihənin daxili həyatı və inkişafı haqqında sənədli film çəkəcək. Film "012 Bakı Public Art Festival"ın sentyabrda bağlanış mərasimində göstəriləcək.
2011-ci ildə Aida Mahmudova tərəfindən yaradılan "YARAT!" qeyri-kommersiya təşkilatı Azərbaycanın müasir incəsənətinin həm ölkəmizdə, həm də xaricdə peşəkar surətdə irəli çəkilməsi və inkişafı ilə məşğul olur.