Azərbaycan, Bakı, 25 may /Trend, müxbir V.İmanov/
Müasir Azərbaycan incəsənətinin inkişafı və təbliği ilə məşğul olan "YARAT!" qeyri-kommersiya təşkilatının təşkilatçılığı ilə cümə günü Bakıda rəssam Orxan Hüseynovun "Şopfront" layihəsinin təqdimatı olub.
Trend-in məlumatına görə, "012 Baku Public Art Festival" çərçivəsində təşkil olunan tədbirdə "YARAT!" təşkilatının təsisçisi Aida Mahmudova, tanınmış rəssamlar və ictimai xadimlər iştirak ediblər.
Əziz Əliyev küçəsində (əvvəlki Zevin küçəsi) "yerləşdirilən" layihə bir tərəfində həmişə dəbli geyimlər mağazalarının, digər tərəfində isə bədii qalereyaların yerləşdiyi bu küçənin estetik gözəlliyini qeyd etmək niyyəti güdür. 80-ci illərin sonunda yenidənqurma dövründən sonrakı ilk illərin mədəni mərkəzlərindən biri olan, həmin dövrün ən parlaq və maraqlı rəssamlarını bir araya gətirən Bakı Mədəniyyət Mərkəzi məhz bu küçədə yerləşmişdir. Eyni vaxtda bu küçədə ən məşhur dünya brendlərini təmsil edən mağazalar da yerləşir. Bununla da haradasa estetik birləşmə, demək olar ki, iki dünyanın - yüksək moda, qlamur aləminin və yüksək incəsənət dünyasının paradoksal sintezi yaranır. Əgər buna həm də bütün küçəyə bədii qalereya effekti verən spesifik küçə işıqlandırmasını əlavə etsək, onda demək olar ki, Əziz Əliyev küçəsi müasir Bakının ən gözəl və vizual baxımdan ən effektli küçələrindən biridir.
Lakin məsələ ondadır ki, bədii mağazalar, qalereya və dəbli geyimlər mağazaları həmişə ayrıca fəaliyyət göstərmiş və heç vaxt kəsişməmişlər. Müəllif mağaza sahiblərinin icazəsi ilə müasir incəsənət əsərlərini bəzi geyim mağazalarının vitrinlərinə yerləşdirmək və bununla da sözün əsl mənasında dəb və incəsənətin vəhdətini həyata keçirmək niyyəti güdür - bu cür vəhdət sözügedən küçənin spesifikası və imicini müəyyən edəcəkdir.
Digər tərəfdən rəssamın bu cür aktı həm də mədəniyyət intervensiyası aktı hesab edilə bilər, bu zaman incəsənət obyektləri qlamur ərazisinə "müdaxilə edir" və nəticədə həm dəb aləmində, həm də ən müasir incəsənət sahəsində tamamilə yeni effekt yaranır.
Bakının ən gözəl küçələrindən biri mərkəzi meydanlardan biri olan Parapet-dən (Gənclər meydanı) başlayır və Aleksandrovskaya Naberejnayada (Neftçilər prospekti) tamamlanırdı. Bu küçə tarixin müxtəlif dövrlərində fərqli cür adlandırılırdı - Mixaylovskaya, Zevina, İncəsənət, Əziz Əliyev. Gözəl məhəllələrin mərkəzində, böyük mağazalar, banklar, burjuaziya sarayları, mehmanxanalar, ictimai müəssisələrin bir yerdə toplaşdığı yerdə yerləşən Mixaylovskaya küçəsi şəhərin işgüzar rayonun əsas arteriyalarından birini təşkil edirdi. Bu küçənin abadlaşdırılması üçmərtəbəli yaşayış binalarının və klassik üslubda inşa edilmiş böyük həcmli ticarət obyektlərinin təşkili ilə həyata keçirilmişdir. İnqilabdan əvvəlki illərdə Mixaylovskaya küçəsi şəhərin ən prestijli mağaza və dükanlarının mərkəzləşdiyi yer sayılırdı. Məsələn, İsrafilov qardaşlarının qab-qacaq mağazası və ya Ramazanovların "Nümunəvi sıra" adlanan dükanları. İndi bu yerləri "brend" adlandırardılar.
Küçənin kapital tikintisi Naberejnaya prospektinin (Neftçilər prospekti) şəhərsalma rolunun artmasının və ona bitişik kvartalların yeni ictimai və ticarət mərkəzlərinə çevrilməsinin nəticəsi olmuşdur.
2011-ci ildə Aida Mahmudova tərəfindən yaradılan "YARAT!" qeyri-kommersiya təşkilatı Azərbaycanın müasir incəsənətinin həm ölkəmizdə, həm də xaricdə peşəkar surətdə irəli çəkilməsi və inkişafı ilə məşğul olur.