...

Bakıda Bəhruz Kəngərlinin 120 illiyinə həsr olunmuş sərgi açılıb (FOTO)

Mədəniyyət Materials 23 İyun 2012 14:17 (UTC +04:00)
Bakıda Müasir İncəsənət Muzeyində rəssam Bəhruz Kəngərlinin 120 illiyinə həsr olunmuş sərgi açılıb.
Bakıda Bəhruz Kəngərlinin 120 illiyinə həsr olunmuş sərgi açılıb (FOTO)

Azərbaycan, Bakı, 23 iyun /Trend, müxbir V.İmanov/

Bakıda Müasir İncəsənət Muzeyində rəssam Bəhruz Kəngərlinin 120 illiyinə həsr olunmuş sərgi açılıb.

Trend-in məlumatına görə, sərgi Prezident İlham Əliyevin Azərbaycan rəssamlıq məktəbinin görkəmli nümayəndəsi Bəhruz Şirəlibəy oğlu Kəngərlinin 120 illiyinin qeyd edilməsi haqqında imzaladığı sərəncama uyğun olaraq keçirilir.

Açılış mərasimində mədəniyyət və turizm naziri Əbülfəs Qarayev bildirib ki, rəssam qısa, lakin mənalı həyat yolu keçib. Cəmi 30 il ömür sürən Kəngərli 7 illik yaradıcılığı dövründə milli təsviri sənətimizi zənginləşdirən 2000-ə yaxın rəsm əsəri yaradıb.

Azərbaycan təsviri sənətində realist dəzgah boyakarlığının təşəkkülü, portret və mənzərə janrlarının formalaşması Bəhruz Kəngərlinin (22 yanvar 1892, Naxçıvan - 7 fevral 1922, Naxçıvan) adı ilə bağlıdır.

Uşaq ikən ciddi xəstəlik keçirən Kəngərli ağır eşitdiyindən ümumtəhsil məktəbinə gedə bilməyib və rəssamlığa meyl göstərib. Tiflisdə Qafqaz İncəsənəti Təşviq Cəmiyyətinin nəzdindəki Boyakarlıq və Heykəltəraşlıq məktəbində oxuyub (1910-1915). Kəngərlinin rəssam kimi püxtələşməsində Cəlil Məmmədquluzadənin və "Molla Nəsrəddin" jurnalının böyük rolu olub.

Yaradıcılığının ilk dövründə müəllimi - mollanəsrəddinçi rəssam O.Şmerlinqin və tələbə yoldaşı L.D.Qudiaşvilinin portretlərini çəkib, karikatura və satirik rəsmlər, mənzərə və məişət səhnələrini əks etdirən rəsm, akvarel və boyakarlıq əsərləri yaradıb ("Qoca kişi", "Toy", "Elçilik" və s.). 1914-cü ilin iyununda rəssamın Naxçıvandakı ilk böyük sərgisi və orada göstərilən rəsmləri həmyerlilərini heyran edib. O vaxt "İqbal" qəzeti yazırdı: "Cavan rəssamımız gələcəkdə iftixarımız olacaqdır".

Kəngərlinin zəngin bədii irsi qalıb. Cəmi 7 il yaradıcılıq fəaliyyəti ilə məşğul olmağa macal tapmış Bəhruz Kəngərli 2000-ə qədər rəsm əsəri yaradıb. O, realist ifadəliliyi, yüksək bədii-estetik dəyəri ilə diqqəti cəlb edən çoxlu portret, mənzərə, natürmort çəkib. Dövrünün qabaqcıl ziyalılarının, sadə adamların portretləri ("Yaşlı kişi", "Gürcü" və s.), mövzu aktuallığına və ideya məzmununa görə bu günün ictimai-siyasi hadisələri ilə səsləşən "Qaçqınlar" silsiləsinə daxil olan portretlər canlılığı, reallığı və psixoloji ifadəliliyi ilə fərqlənir. Rəssamın yaradıcılığında mənzərə janrı mühüm yer tutur. Onun mənzərələrində təbiət gözəllikləri ("Şəlalə", "Dağlıq mənzərə", "İlanlı dağ ay işığında", "Günəş batarkən", "Ağrı dağı", "Köhnə qala", "Əliabad kəndində darvaza", "Yamxana kəndinə gedən yol" və s.), mədəniyyət abidələri ("Möminə xatın türbəsi", "Əshabi-kəhf dağı", "Nuhun qəbri"), ilin fəsilləri ("Payız", "Bahar") əks olunub.

Bəhruz Kəngərli 1918-1920-ci illərdə erməni daşnaklarının Azərbaycanda törətdikləri faciələri təsvir edən, öz dədə-baba torpaqlarından zorla qovulmuş və Naxçıvana pənah gətirmiş azərbaycanlı qaçqınların portretlərindən ibarət silsilə əsərlər yaradıb. Bu silsilədən olan "Qaçqınlar", "Qaçqın qız", "Qaçqın oğlan", "Qaçqın qadın", "Yurdsuz ailə", "Qaçqın Gümşün", "Ayaqyalın qaçqın oğlan" və s. onlarla qaçqının portretləri təkcə sənətkarlıq səviyyəsinə görə deyil, tarixi sənəd kimi də dəyərlidir. O, portret ustası kimi yaratdığı personajların daxili-psixoloji aləmini açıb göstərə bilib. Rəssam təsvir etdiyi qaçqın uşaqların hər birinin simasında didərgin düşdükləri ata-baba ocaqlarının həsrətini, keçirdikləri hiss və həyəcanları, gözlərinə qonmuş qüssə və kədəri özünəməxsus ustalıqla əks etdirib.

Azərbaycan Xalq Cümhuriyyəti dövründə (1918-1920) Bəhruz Kəngərli yaradıcılıqdan qalmır, boyakarlıq və qrafika əsərləri yaradır, rəssamlıq sənətini gənclərə öyrətmək, bu sənəti sevdirmək üçün xüsusi dərnək açır, fərdi sərgilərini təşkil edirdi. 1921-ci ildə Azərbaycanda açılan ilk böyük sərgidə Kəngərlinin 500-dən çox əsəri nümayiş etdirilib. Əsərləri R.Mustafayev adına Azərbaycan Dövlət İncəsənət Muzeyində, Naxçıvan Dövlət Tarix Muzeyində, Moskva Dövlət Tarix Muzeyində və şəxsi kolleksiyalarda saxlanılır.

Kəngərli həm də milli teatr rəssamlığının banilərindəndir. 1910-cu illərdə Naxçıvan teatrında "Ölülər" (C.Məmmədquluzadə), "Hacı Qara" (M.F.Axundzadə), "Pəri-cadu" (Ə.Haqverdiyev) tamaşalarına bədii tərtibat və geyim eskizləri verib. A.Babayevin "Yarımçıq şəkil" pyesi Kəngərliyə həsr olunub. Naxçıvan MR Ali Məclisi sədrinin "Bəhruz Kəngərlinin adının əbədiləşdirilməsi haqqında" sərəncamına (2001, 22 may) əsasən, Naxçıvan şəhərində muzeyi yaradılıb, qəbirüstü abidəsi ucaldılıb.

Xəbər lenti

Xəbər lenti