...

Cəmil Quliyev: Rüstəm İbrahimbəyovun rəhbərlik etdiyi qurum siyasi təşkilata çevrilib

Mədəniyyət Materials 21 İyul 2012 12:51 (UTC +04:00)
Bu gün Azərbaycan Kinematoqrafçılar İttifaqı tərəfindən yayılan şayiələrə baxmayaraq, Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqının hörməti artır və artacaq da.
Cəmil Quliyev: Rüstəm İbrahimbəyovun rəhbərlik etdiyi qurum siyasi təşkilata çevrilib

Azərbaycan, Bakı, 21 iyul /Trend, müxbir İ.İsabalayeva/

Bu gün Azərbaycan Kinematoqrafçılar İttifaqı tərəfindən yayılan şayiələrə baxmayaraq, Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqının hörməti artır və artacaq da. Bunu şənbə günü Trend-ə Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqının katibi, Dövlət Film Fondunun direktoru Cəmil Quliyev deyib.

Prezident Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənovun Azərbaycan Kinematoqrafçılar İttifaqı ilə bağlı dediyi fikirlərlə tamamilə razı olduğunu deyən Quliyevin fikrincə, Rüstəm İbrahimbəyovun rəhbərlik etdiyi qurum tənəzzülə uğrayıb, siyasi təşkilata çevrilib.

Onun sözlərinə görə, Azərbaycan Kinematoqrafçılar İttifaqı kino sahəsi ilə deyil, siyasi məsələlərlə məşğul olmağa başlamışdı. Bu isə kinematoqrafiya sahəsində çalışan insanların etirazına səbəb olmuşdu.

"Əgər Rüstəm İbrahimbəyov siyasətlə məşğul olmaq istəyirsə, partiya yaratsın. Biz yaradıcı insanlarıq və yaradıcılıqla məşğul olmaq istəyirik", - katib bildirib.

O əlavə edib ki, bu gün Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqının irəli getməsini Azərbaycan Kinematoqrafçılar İttifaqının gözü götürmür. Onlar yeni ittifaqın fəaliyyəti üçün müxtəlif maneələr yaratmağa çalışırlar.

"Məsələn, ittifaqdan çıxan adamlardan tələb edirlər ki, vəsiqələrini geri qaytarsınlar. Bu vəsiqə yalnız üzvlük haqqının ödənilməsi üçün lazım olub. Çoxunun vəsiqəsi köhnəlmişdi və yeniləri verilməmişdi. Şəxsən mən vəsiqəni alanda ittifaqın mühasibi məndən vəsiqənin hazırlanmasının haqqını alıb. Onlar bu gün belə müxtəlif yollarla insanları o ittifaqda saxlamaq istəyirlər. Deyirlər ki, çıxmayın, o ittifaqın gələcəyi yoxdur. Amma buna baxmayaraq, insanlar Azərbaycan Kinematoqrafçılar İttifaqını tərk edirlər", - Quliyev bildirib.

Onun sözlərinə görə, indiyədək Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqına üzv olmaq üçün müraciət edənlərin sayı 300-ü ötüb.

Katibin sözlərinə görə, üzvlüyə qəbul olmaq üçün xüsusi qəbul komissiyası yaradılacaq. Artıq üzvlüyə qəbulun əsasnaməsi təsdiqlənib. İttifaqın növbəti iclasında qəbul komissiyasının üzvləri təsdiq olunacaq. Bundan sonra üzv olmaq üçün müraciət edənlərin ərizələrinə baxılacaq.

Quliyev deyib ki, bu gün televiziya kanalları tərəfindən çox filmlər çəkilir. Ona görə də, televiziyada film çəkən insanlar da bu ittifaqa cəlb olunacaqlar. Bundan başqa, kino ittifaqına qəbul olunan prodüserlərin sayı artırılacaq, kino sahəsində uzun illər çalışan insanların bu ittifaqa qəbulu nəzərdə tutulur.

"Biz daim ittifaqa yeni üzvlər qəbul etməyə hazırıq. Azərbaycan Kinematoqrafçılar İttifaqında hazırda üzv kimi qalan insanlar da öz seçimlərini etməlidirlər", - Quliyev deyib.

Xəbər lenti

Xəbər lenti