...

Dünyanın aparıcı hərrac evi "Christie’s" Bakıda

Mədəniyyət Materials 12 Sentyabr 2012 10:00 (UTC +04:00)
Sentyabrın 15-16-da dünyanın aparıcı hərrac evi "Christie’s" Heydər Əliyev Fondu və YARAT Müasir İncəsənət Məkanı ilə birlikdə Bakıda yenicə istifadəyə verilmiş "The Four Seasons Hotel"in möhtəşəm salonunda özünün Azərbaycandakı ilk sərgisini təşkil edəcək.
Dünyanın aparıcı hərrac evi "Christie’s" Bakıda

Azərbaycan, Bakı, 12 sentyabr /Trend/

Sentyabrın 15-16-da dünyanın aparıcı hərrac evi "Christie's" Heydər Əliyev Fondu və YARAT Müasir İncəsənət Məkanı ilə birlikdə Bakıda yenicə istifadəyə verilmiş "The Four Seasons Hotel"in möhtəşəm salonunda özünün Azərbaycandakı ilk sərgisini təşkil edəcək.

YARAT Müasir İncəsənət Məkanından Trend-ə bildiriblər ki, sərgi həm ölkə daxilində, həm də xaricdə mədəniyyət, təhsil, elm, sosial sahələrdə çoxlu sayda inkişaf proqramları və layihələri uğurla həyata keçirmiş Heydər Əliyev Fondunun təşkilati dəstəyi sayəsində mümkün olub. Fond milli və mənəvi dəyərlərin qorunması, Azərbaycan mədəniyyətinin geniş təbliği və ölkənin dünya miqyasında beynəlxalq imicini təbliğ etməyə xüsusi diqqət yetirir.

Dünyanın aparıcı incəsənət-biznes təşkilatı olan "Christie's" qeyri-adi incəsənət, ehtiras, misilsiz xidmət və təcrübənin canlandığı ad və yerdir. 1766-ci ildə James Christie tərəfindən əsası qoyulmuş "Christie's" 18-ci əsrdən bəri ən böyük hərracları keçirib və hazırda 32 ölkədə 53 ofisi və illik 450 satışın keçirildiyi 10 satış salonu var.

2011-ci ildə Aida Mahmudova tərəfindən təsis edilmiş "YARAT!" təşkilatı müasir Azərbaycan incəsənətinin ölkə və dünya səviyyəsində təmsil etmək məqsədi daşıyan qeyri-kommersiya təşkilatıdır. Təşkilatın əsas məqsədi həm Azərbaycanda, həm də xaricdə qeyri-kommersiya xarakterli incəsənət fondları ilə dialoq və mubadilə aparmaqdır. Təşkilat, həmçinin təhsil təşəbbüsləri, eləcə də beynəlxalq incəsənət mükafatları təsis etmək məqsədi naminə çalışır.

Sərgidə "Christie's"in London, Nyu-York və Dubayda keçirdiyi payız satışlarında iştirak üçün seçilmiş müxtəlif sənət əşyaları və eksponatlar nümayiş etdiriləcək. Həmin əsərlərə impressionist, İkinci Dünya müharibəsindən sonrakı və müasir rəssamlıq əsərləri, Şərq xalçaları, eləcə də muasir ərəb, İran və türk sənət nümunələri daxildir. "YARAT!" sərgi ilə yanaşı, müzakirələr, nahar ziyafətləri, "YARAT!" Müasir İncəsənət salonuna və Bakıdakı incəsənət studiyalarına ekskursiyalar da təşkil edir. "YARAT!"ın təsisçisi "Christie's"in sədri Viscount Linley ilə birlikdə sərginin acılışına ev sahibliyi edəcək.

Viscount Linley deyib ki, "Christie's" Azərbaycanda ilk baxış sərgisini keçirməklə bağlı ona edilmiş müraciətdən məmnundur və bu tədbirə görə verdikləri dəstək üçün "YARAT!" təşkilatına və Heydər Əliyev Fonduna minnətdarlığını bildirir.

"Müasir incəsənət sərgisi Azərbaycanda incəsənətə verilən böyük qiymətdir. Biz sentyabrda Bakıda beynəlxalq incəsənət sərgisini təşkil etməkdən və gələn il "Christie's"in Londonda keçiriləcək beynəlxalq sərgisində müasir Azərbaycan incəsənət əsərlərini nümayiş etdirməkdən məmnunluq hissi duyuruq", - Linley əlavə edib.

Bakı sərgisindən sonra 2013-cü ildə "Christie's"in Londondakı sərgi salonunda müasir Azərbaycan incəsənət əsərləri nümayiş etdiriləcək. Sərgidə tanınmış rəssamların, eləcə də "YARAT!" təşkilatının aşkara çıxardığı incəsənət əsərləri nümayiş olunacaq. Bu, Azərbaycan rəssamlarının dünya miqyasında, digər rəssamlarla dialoq yaratmasına kömək etmək məqsədilə Aida Mahmudovanın davam etdirdiyi işlərin bir hissəsidir.

Mahmudova bildirib ki, sərgi Heydər Əliyev Fondunun dəstəyi ilə baş tutacaq.

"Buna görə Fondun prezidenti Mehriban xanım Əliyevaya, həmçinin Fondun bütün işçilərinə öz dərin minnətdarlığımızı bildiririk. Biz bu tədbiri "Christie's" ilə birlikdə təşkil etdiyimizə görə qürur duyuruq. Fikrimcə, bu tədbir Azərbaycanın beynəlxalq incəsənət bazarında təmsil olunması baxımından mühüm səhifə açır. Azərbaycan xalqı zəngin mədəni irsə, həmçinin incəsənət əsərlərinə malikdir və biz bu reallığı təbliğ etmək niyyətindəyik. Buna görə sözü gedən tədbirin təşkilində səy və köməyini əsirgəməyən "Christie's" şirkətinə olduqca minnətdarıq. Bizim muasir incəsənət xadimləri ilə dünya incəsənət xadimləri arasında dialoqa töhfə verəcək mümkün qədər çox mədəniyyətlərarası əlaqələr qurmaq vacibdir", - Mahmudova deyib.

Xəbər lenti

Xəbər lenti