...

Bakıda Böyük Britaniya ilə birgə Tətbiqi Sənətkarlıq Mərkəzi yaradılır

Mədəniyyət Materials 10 Oktyabr 2012 16:02 (UTC +04:00)
Böyük Britaniyanın Ənənəvi İncəsənət üzrə Şahzadə Məktəbi (Prince's School of Traditional Arts) və "İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi "Tətbiqi Sənətkarlıq Mərkəzi" layihəsinin icrasına başlayıblar.
Bakıda Böyük Britaniya ilə birgə Tətbiqi Sənətkarlıq Mərkəzi yaradılır

Azərbaycan, Bakı, 10 oktyabr /Trend, müxbir K.Zərbalıyeva/

Böyük Britaniyanın Ənənəvi İncəsənət üzrə Şahzadə Məktəbi (Prince's School of Traditional Arts) və "İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi "Tətbiqi Sənətkarlıq Mərkəzi" layihəsinin icrasına başlayıblar.

İdarənin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, layihənin əsas məqsədi tətbiqi-dekorativ incəsənət sahələrinin inkişafına, Azərbaycanın mədəni irsinə uyğun müxtəlif çeşidli və yeni dizaynlı məhsulların istehsalına və bu məhsulların beynəlxalq səviyyədə təbliğinə nail olmaqdır.

Şahzadə məktəbinin nümayəndələri hazırlıq işləri üçün artıq Bakıya gəliblər.

Məktəbin direktoru Xaled Azzam oktyabrın 12-də Bakıya səfər edəcək və bundan sonra Mərkəzdə təhsil alacaq tələbələrin seçim mərhələsi başlanacaq.

Mərkəzə sənəd qəbulu artıq başa çatıb.

Seçim turunun birinci mərhələsində namizədlər öz praktiki bacarıqlarını nümayiş etdirəcək və sonra Ənənəvi İncəsənət üzrə Şahzadə Məktəbinin və "İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin nümayəndələri tərəfindən keçirilən müsahibəyə buraxılacaqlar.

Nəticədə 20 gənc sənətkar seçiləcək. Tələbələr kainatın harmoniya prinsiplərinə əsaslanan dünya incəsənət ənənələrinə uyğun hərtərəfli təhsil alacaqlar. Onlar bu prinsiplərin anlayışı əsasında dizayn bacarıqlarına yiyələnəcək və bu bacarıqlarını keramika, parça, zərgərlik işləmələrində və digər dekorativ incəsənət növlərində tətbiq edəcəklər.

3 illik təhsil ərzində dərslər Ənənəvi İncəsənət Məktəbinin mütəxəssis müəllimləri tərəfindən keçiriləcək. Təhsil proqramını bitirmiş şəxslər Tətbiqi Sənətkarlıq Mərkəzində milli tətbiqi incəsənət üzrə dərs demək üçün işləyəcəklər. Məqsəd əldə edilmiş bacarıqların daha geniş kütləyə və gələcək sənətkar nəsillərinə ötürülməsidir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti