Azərbaycan, Bakı, 15 oktyabr /Trend/
Bu gün görkəmli serb yazıçı, dünya şöhrətli "Xəzər lüğəti" kitabının müəllifi Milorad Paviçin anadan olmasının 83-cü ildönümü ilə əlaqədar onun yaxınları, Belqrad ictimaiyyətinin nümayəndələri, Azərbaycanın Serbiyadakı səfirliyinin əməkdaşları, bu ölkədə yaşayan və təhsil alan azərbaycanlılar Azərbaycan dövlətinin dəstəyi ilə Belqrad şəhərində abadlaşdırılmış "Taşmaydan" parkını ziyarət edərək, əvvəlcə parkda ucaldılmış Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin, sonra isə Milorad Paviçin heykəlləri qarşısına əklil və gül-çiçək dəstələri qoyublar.
Səfirlikdən Trend-ə verilən məlumata görə, Milorad Paviçin oğlu rəssam İvan Paviç tədbir iştirakçıları qarşısında çıxış edərək, atasının xatirəsinə göstərilən böyük diqqət və ehtirama, həmçinin onun xatirəsinin əbədiləşdirilməsinə görə Azərbaycan və Serbiya dövlətlərinin rəhbərlərinə, xüsusilə də Azərbaycan Prezidenti İlham Əliyevə dərin təşəkkürünü bildirib.
Tədbirdə yazıçının yaxınları, qələm dostları və digər iştirakçılar Milorad Paviçin xatirəsini yad edərək, görkəmli yazıçının həyat və yaradıcılığından bəhs ediblər.