Azərbaycan, Bakı, 31 oktyabr /Trend/
Bu il 5-7 noyabrda Azərbaycanın Polşadakı səfirliyinin dəstəyi ilə Polşanın Varşava Universiteti, Polşa Şərq Araşdırmalar Mərkəzi, habelə F.Şopen adına Dövlət Musiqi Universitetində Azərbaycan-Polşa diplomatik əlaqələrinin yaranmasının 540 illiyi ilə əlaqədar "Azərbaycan mədəniyyətinin elmi təqdimatı" adlı tədbir keçiriləcəkdir.
Trend-in Azərbaycan Mədəniyyət və Turizm Nazirliyinin rəsmi saytına istinadən verdiyi məlumata görə, tədbirin təşkili üçün Nazirliyin Elm və təhsil şöbəsinin Elmi metodiki sektorunun müdiri Asif Usubəliyev, AMEA-nın Fəlsəfə, Sosiologiya və Hüquq İnstitutunun direktoru İlham Məmmədzadə və Azərbaycan Milli Konservatoriyasının dosenti İlham Nəcəfov Varşava şəhərinə ezam olunacaqlar.
Azərbaycanın Polşadakı səfiri Həsən Həsənovun iştirakı ilə keçiriləcək tədbirlərdə universitetlərin müəllim-professor və tələbə heyətindən ibarət olan dinləyicilərə "Azərbaycanda həyata keçirilən mədəniyyət siyasətinin strateji prioritetləri", "Beynəlxalq elmi əməkdaşlıq və Azərbaycanda ictimai elmlərin inkişafı" və "Azərbaycan nəfəsli alətlərin antologiyası" mövzuları ətrafında mühazirələr oxunulacaq və geniş müzakirələr aparılacaqdır.
Əlavə olaraq qeyd olunan Universitetlərin və Elmi Araşdırmalar Mərkəzinin rəhbərliyi ilə əməkdaşlıq əlaqələrin yaradılması və birgə layihələrin həyata keçirilməsi ətrafında danışıqların aparılması da nəzərdə tutulub.