...

Prezident Kuboku uğrunda VII çövkən milli oyunları keçirilib (FOTO)

Mədəniyyət Materials 24 Dekabr 2012 12:58 (UTC +04:00)
Dekabrın 17-dən 22-dək Şəki rayonunun Daşüz kəndində yerləşən Respublika Atçılıq Turizm Mərkəzində Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı, Şəki Şəhər İcra Hakimiyyətinin dəstəyi ilə Prezident Kuboku uğrunda VII çövkən milli oyunları keçirilib.
Prezident Kuboku uğrunda VII çövkən milli oyunları keçirilib  (FOTO)

Azərbaycan, Bakı, 24 dekabr /Trend/

Dekabrın 17-dən 22-dək Şəki rayonunun Daşüz kəndində yerləşən Respublika Atçılıq Turizm Mərkəzində Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı, Şəki Şəhər İcra Hakimiyyətinin dəstəyi ilə Prezident Kuboku uğrunda VII çövkən milli oyunları keçirilib.

Trend-in nazirliyin mətbuat xidmətində istinadən verdiyi məlumata görə, xalqımızın mədəni irsi olan milli atüstü oyunların qorunub saxlanması, qədim atçılıq ənənələrinin bərpası və dirçəldilməsi, habelə atçılıq turizminin təbliği məqsədi daşıyan tədbirdə 16 şəhər və rayonun - Şəki, Yevlax, Ağdam, Ağcabədi, Ağstafa, Balakən, Bərdə, Daşkəsən, Göygöl, Goranboy, İsmayıllı, Qax, Qəbələ, Oğuz, Tovuz və Zaqatala rayonlarının komandaları iştirak edib. Komandalar çövkən milli oyunu ilə yanaşı, sür-papaq, papaq və yaylıq oyunları üzrə qüvvələrini sınayıblar.

Dekabrın 21-də sür-papaq oyunu üzrə Balakən komandası birinci yerə çıxıb. İsmayıllı komandası papaq, Bərdə komandası isə yaylıq oyunu üzrə qalib adını qazanıb.

Dekabrın 22-də çövkən oyunu üzrə final və tədbirin təntənəli bağlanış mərasimi keçirilib. Mərasimdə Şəki şəhər İcra Hakimiyyətinin başçısı Elxan Usubov, Mədəniyyət və Turizm Nazirliyinin Aparat rəhbərinin müavini - Kadrlar şöbəsinin müdiri Cavanşir Cəfərov, rayon və şəhər mədəniyyət və turizm şöbələrinin rəhbərləri və atüstü oyunların həvəskarları iştirak ediblər.

Tamaşaçılar əvvəlcə çövkən oyunu üzrə Ağstafa və Ağdam komandaları arasında final qarşılaşmasını izləyiblər. Ağstafa komandası 1:0 hesabı ilə qələbə qazanıb. Üçüncü yer uğrunda oyunda isə Şəki komandası Ağcabədi komandasını 3:1 hesabı ilə məğlub edib.

Final görüşündən sonra komandaların mükafatlandırılması mərasimi keçirilib. Bütün növlər üzrə fərqlənən komandalara Mədəniyyət və Turizm Nazirliyinin diplom və pul mükafatları təqdim olunub. Çövkən milli oyununun qalibi adını qazanan Ağstafa komandasına isə baş mükafat - Prezident Kuboku təqdim edilib.

Sonda oyunların iştirakçıları adından Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə müraciət qəbul olunub. Müraciətdə milli-mənəvi dəyərlərimizin qorunub saxlanması və dirçəldilməsinə göstərdiyi böyük diqqət və qayğıya görə dövlət başçısına minnətdarlıq ifadə olunub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti