...

Azərbaycanda bu il üçün folklor, sənətkarlıq, əfsanələr paytaxtları müəyyənləşib

Mədəniyyət Materials 15 Fevral 2013 16:39 (UTC +04:00)
Mədəniyyət və Turizm Nazirliyinin "2010-2014-cü illər üçün Xalq Yaradıcılığı Paytaxtları" proqramı çərçivəsində 2013-cü il üçün folklor, sənətkarlıq, əfsanələr paytaxtları müəyyənləşib.
Azərbaycanda bu il üçün folklor, sənətkarlıq, əfsanələr paytaxtları müəyyənləşib

Azərbaycan, Bakı, 15 fevral /Trend/

Mədəniyyət və Turizm Nazirliyinin "2010-2014-cü illər üçün Xalq Yaradıcılığı Paytaxtları" proqramı çərçivəsində 2013-cü il üçün folklor, sənətkarlıq, əfsanələr paytaxtları müəyyənləşib.

Trend nazirliyin rəsmi saytına istinadən məlumat verir ki, üç nominasiya üzrə "paytaxt" seçilmək üçün təqdim edilən təkliflər şəhərlərin ümumi hazırlığı, tarixi ənənələri və digər amillər nəzərə alınmaqla təhlil edilib. Nəticədə bu il üçün Xaçmaz Azərbaycanın əfsanələr, Zaqatala folklor, Göygöl isə sənətkarlıq paytaxtı seçilib.

Cari il fevralın 19-da bununla bağlı təqdimat mərasimi keçiriləcək, yaradıcılıq paytaxtları geniş ictimaiyyətə elan olunacaq.

Yaradıcılıq paytaxtların elan edilməsində məqsəd Azərbaycanın qeyri-maddi mədəni irsinin qorunması, dəstəklənməsi, milli folklor ustaları və kollektivlərinin, sənətkarların, milli adət-ənənələrin və eyni zamanda, respublikanın şəhər və rayonlarının beynəlxalq səviyyədə tanıdılması, daxili və xarici turizmin inkişafıdır.

İl ərzində nominasiyalara uyğun olaraq, Göygöl, Zaqatala və Xaçmaz şəhərlərində təntənəli mərasimlərin, konfransların, "dəyirmi masa"ların, konsertlərin, festivalların, sərgilərin, yarmarkaların, infoturların və s. tədbirlərin təşkili nəzərdə tutulur.

Xatırladaq ki, "Xalq Yaradıcılığı Paytaxtları" proqramı çərçivəsində 2010-cu ildə Qazax, Şəki, Gəncə, 2011-ci ildə Lənkəran, İsmayıllı, Şabran, 2012-ci ildə isə Masallı, Quba, Gədəbəy folklor, sənətkarlıq, əfsanələr paytaxtları elan ediliblər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti