Azərbaycan, Bakı, 27 iyul /Trend, müxbir T.Cəfərov/
İranın Şərqi Azərbaycan əyalətinin Təbriz şəhərində "Azərbaycanın alimləri və tanınmış şəxsiyyətləri" Muzeyinin birinci mərhələsinin açılışı olub.
Trend-in İran televiziyasının rəsmi xəbər saytı "Iribnews"a istinadən verdiyi məlumata görə, yeni inşa edilmiş "Azərbaycanın alimləri və tanınmış şəxsiyyətləri" Muzeyinin açılış mərasimində İran İslam İnqilabının ali liderinin Təbrizdəki nümayəndəsi, ayətullah Müctehid Şəbistəri, İran Prezidentinin müavini Məhəmmədrza Mirtacəddini və islami irşad və mədəniyyət naziri Məhəmməd Hüseyni iştirak ediblər.
Tədbir çərçivəsində, həmçinin İran Azərbaycanının 50 tanınmış aliminin həyatından bəhs edən 120 səhifəlik "Eşq yolunu tanıyanlar" kitabının təqdimatı keçirilib.
Muzeydə İran Azərbaycanı alimləri və tanınmış şəxsiyyətlərinin 50-dən çox sənət əsəri, eləcə də onların yazıb yaratdıqları əsərlər nümayiş olunur.
Muzeyin ikinci mərhələsi çərçivəsində İran Azərbaycanı şairləri, incəsənət xadimləri və şəhidləri haqqında da əsərlər yer alacaq.