...

"Maşa və Ayının Şərqdə Yeni il sərgüzəştləri" (FOTO)

Mədəniyyət Materials 2 Noyabr 2013 09:56 (UTC +04:00)
Gürcüstanın "Multi-Pulti dünyası" teatrı "Maşa və Ayı" tamaşasının "Maşa və Ayının Şərqdə yeni il sərgüzəştləri" adlı yeni seriyası ilə Azərbaycan tamaşaçılarının görüşünə gələcək.
"Maşa və Ayının Şərqdə Yeni il sərgüzəştləri" (FOTO)

Azərbaycan, Bakı, 2 noyabr /Trend/

Gürcüstanın "Multi-Pulti dünyası" teatrı "Maşa və Ayı" tamaşasının "Maşa və Ayının Şərqdə yeni il sərgüzəştləri" adlı yeni seriyası ilə Azərbaycan tamaşaçılarının görüşünə gələcək. Teatrın Bakıya növbəti qastrol səfəri Yeni il bayramı ərəfəsində reallaşacaq. Balaca tamaşaçılar sevimli qəhrəmanları Maşa və Ayını, eləcə də digər sevimli nağıl qəhrəmanlarını 27, 28, 29, 30 dekabr, 2, 3, 4 yanvar tarixlərində Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında görə biləcəklər.

"Multi-Pulti dünyası" teatrı "Maşa və Ayı" tamaşasını lisenziya əsasında hazırlayıb və Qafqazda rəsmi tərəfdaşlıq hüququna malikdir. Bu layihə silsilə xarakteri daşıyır və gələcəkdə də davam etdiriləcək.

Tamaşa məxsusi olaraq Azərbaycan tamaşaçıları üçün "Maşa və Ayı" cizgi filmi və Şərq nağıllarının motivləri əsasında hazırlanıb.

Tamaşadakı hadisələr Yeni il ərəfəsində cərəyan edir. Ayı və Maşa Yeni il yolkası bəzəməyə hazırlaşırlar. Birdən dənizin o tayından bir quş uçub gəlir və uzaq Şərqdə onların dostlarının böyük bir bəlaya düşdüyünü xəbər verir. Maşa və Ayı onlara kömək etmək üçün yola düşməyə hazırlaşırlar. Təmkinli Ayı səfərə hazırlaşmağa gedir, səbrsiz Maşa isə Ayını gözləməyərək quşla bir yerdə uçub gedir. Ayı bu uzaq yolu təkcə qət etməyə məcbur olur.

Şahzadə Xəlifin sarayına çatan Maşa şahzadənin, nişanlısının və uşaqların başına gələn bədbəxtlikdən xəbər tutur. Bütün baş verənlərin günahkarı Zalım Sehrbaz və Quldurdur. Maşa hamıya kömək etmək istəyir. Ancaq o, təkbaşına şər qüvvələrin öhdəsindən gələ bilməz. Ayı və Şaxta Baba köməyə gəlirlər. Onlar birlikdə bütün şər qüvvələrə qalib gəlirlər. Maşa və Ayı evə qayıdır, tezliklə digər nağıl qəhrəmanları da onlara qoşulurlar. Hamı bəzənmiş yolkanın ətrafında əl-ələ tutub dövrə vurur və bir-birilərini bayram münasibətilə təbrik edirlər.

Tamaşa iki variantda - Azərbaycan və rus dillərində hazırlanacaq. Məşhur cizgi filminin motivləri əsasında gürcü rejissoru Qoça Kviçianın quruluşunda hazırlanan tamaşada gürcü və azərbaycanlı aktyorlar çıxış edəcəklər.

Balaca tamaşaçıları Şaxta Baba və cizgi filmlərinin qəhrəmanları ilə birgə unudulmaz Yeni il şənliyi və çoxlu sürprizlər gözləyir.

"Multi-Pulti dünyası" teatrı uşaqların ən sevimli bayramı olan Yeni il bayramında balaca tamaşaçılarını sevindirmək üçün 200 manatdan yuxarı məbləğdə bilet alan qruplara xüsusi sürpriz təqdim edəcək. "Maşa və Ayı" cizgi filminin qəhrəmanları, həmçinin şən klounlar onların evinə, uşaq bağçasına, yaxud məktəbə qonaq gələcəklər.

Biletlər şəhərin bütün kassalarında 6 manatdan başlayan qiymətlərlə satılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti