...

Azərbaycanın əsas qoruq və muzeyləri iki gün ödənişsiz fəaliyyət göstərəcək

Mədəniyyət Materials 8 Oktyabr 2014 17:27 (UTC +04:00)
10-17 oktyabr tarixlərində Azərbaycanın Avropa Şurasının Nazirlər Komitəsinə sədrliyi çərçivəsində "Avropa İrs Günləri" layihəsinin qeyd edilməsinə həsr olunmuş müxtəlif tədbirlər keçiriləcək.
Azərbaycanın əsas qoruq və muzeyləri iki gün ödənişsiz fəaliyyət göstərəcək

Azərbaycan, Bakı, 8 oktyabr /Trend/

10-17 oktyabr tarixlərində Azərbaycanın Avropa Şurasının Nazirlər Komitəsinə sədrliyi çərçivəsində "Avropa İrs Günləri" layihəsinin qeyd edilməsinə həsr olunmuş müxtəlif tədbirlər keçiriləcək.

Mədəniyyət və Turizm Nazirliyindən Trend-ə verilən məlumata görə, hər il sentyabr ayının sonu - oktyabr ayının əvvəllərində Avropa Şurası və Avropa İttifaqına üzv ölkələrdə qeyd edilən layihə maarifləndirici kampaniyalar, açıq qapı günləri, folklor gecələri, rəsmi açılışlar və etnoqrafik şənliklər formasında qeyd olunur. Layihənin əsas məqsədi yerli və əcnəbi ziyarətçilərin mədəni irs obyektlərinə sərbəst girişini təmin etmək, tarix və mədəniyyət abidələrinin qorunması məsələlərinə geniş ictimaiyyətin diqqətinin cəlb olunması və milli mədəni irsin təbliğidir.

Azərbaycanda "Avropa İrs Günləri"nin qeyd edilməsi ilə bağlı 11-12 oktyabr 2014-cü il tarixlərində ölkənin ən mühüm mədəniyyət təsisatları ödənişsiz xidmət göstərəcək. Buraya Mədəniyyət və Turizm Nazirliyinin, Azərbaycan Milli Elmlər Akademiyası və Nazirlər Kabineti yanında "İçərişəhər" Dövlət tarix-memarlıq qoruğu İdarəsinin tabeliyində fəaliyyət göstərən mədəniyyət təsisatları daxildir:

• Milli Azərbaycan Tarixi Muzeyi;
• Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyi;
• "Qobustan" Milli tarix-bədii qoruğu (Ümumdünya İrs Obyekti);
• Azərbaycan Milli İncəsənət Muzeyi;
• Azərbaycan Xalça Muzeyi;
• "İçərişəhər" Dövlət tarix-memarlıq qoruğu (Ümumdünya İrs Obyekti);
• "Qala" Dövlət tarix-etnoqrafiya qoruğu;
• "Yanar dağ" Dövlət tarix-mədəniyyət və təbiət qoruğu;
• "Atəşgah məbədi" Dövlət tarix-memarlıq qoruğu;
• "Yuxarı Baş" Dövlət tarix-memarlıq qoruğu
• Qəbələ Dövlət tarix-bədii qoruğu;
• Kiş tarix-memarlıq qoruğu.

Qeyd edək ki, "Avropa İrs Günləri" Avropa vətəndaşları arasında əməkdaşlıq çərçivəsində kütləvi qeyd olunan mədəni təşəbbüslərdən biridir. 1985-ci ildə Avropa Şurası tərəfindən irəli sürülmüş bu təşəbbüsə 1999-cu ildə Avropa İttifaqı Komissiyası da qoşulub. Hər iki qurum indiyədək bu proqramı birgə davam etdirirlər. Hər il sözügedən layihə 50 Avropa ölkəsində keçirilir və müəyyən olunmuş günlərdə ziyarətçilər üçün minlərlə abidələrə və tarixi yerlərə ödənişsiz giriş təmin edilir. Bu təcrübə ilə Avropa vətəndaşları yalnız mədəni irsin zənginliyindən zövq almır, eyni zamanda indiki və gələcək nəsil üçün onların qorunmasına və vəziyyətinin yaxşılaşdırılması işlərinə fəal şəkildə cəlb olunur. Hər il təxminən 20 milyona yaxın insan bu təşəbbüsdən yararlanır. Layihənin qeyd olunacağı günlərdə yuxarıda adları göstərilən mədəniyyət təsisatlarına 30 minə yaxın ziyarətçinin baş çəkməsi nəzərdə tutulur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti