...

YARAT "YIĞMA QALEREYA / TƏCRİD OTAĞI" birgə layihəsini təqdim edir

Mədəniyyət Materials 5 Mart 2015 13:42 (UTC +04:00)
YARAT təşkilatı 2015-ci ilin mart ayında Bakıda “YIĞMA QALEREYA / TƏCRİD OTAĞI” adlı birgə layihəsini keçirəcək. Layihə martın 12-də saat 19:00-da “Port Baku” ticarət mərkəzində (Neftçilər pr. 153, 1-ci mərtəbə) açılacaq.
YARAT "YIĞMA QALEREYA / TƏCRİD OTAĞI" birgə layihəsini təqdim edir

Azərbaycan, Bakı, 5 mart /Trend/

YARAT təşkilatı 2015-ci ilin mart ayında Bakıda "YIĞMA QALEREYA / TƏCRİD OTAĞI" adlı birgə layihəsini keçirəcək. Layihə martın 12-də saat 19:00-da "Port Baku" ticarət mərkəzində (Neftçilər pr. 153, 1-ci mərtəbə) açılacaq.

Trend xəbər verir ki, bu bir aylıq layihənin vaxtı elə təyin edilib ki, ABŞ-ın Bakıdakı Səfirliyinin təşkil etdiyi Amerika Həftəsinə təsadüf etsin.

"TƏCRİD OTAĞI" - davamlı, inkişaf edən layihə olaraq, yığma bir qurğu əsasında həyata keçirilir. Biçiminə görə yekə qutunu xatırladan həmin yığma modulun ölçüsü 7 x 7 x 9 futdur (2,13 х 2,13 х 2,74 metr). Bu modul yalnız bir ədəd eksponatın - tək qoyulmuş əsərin seyrçilərə nümayiş etdirilməsini hədəfə alır. İçindəki eksponata işıq salan xüsusi işıqlandırma sistemi ilə təchiz olunmuş layihə modulunu istənilən otaqda yerləşdirmək mümkündür. Layihənin Bakı turu əsnasında amerikalı iki rəssamın və 2-3 nəfər azərbaycanlı rəssamın əsərlərindən ibarət mini-sərgilər silsiləsinin nümayişi nəzərdə tutulub. YARAT tərəfindən yerli yaradıcı icmada keçirilmiş açıq müsabiqə həm Azərbaycanlı rəssamların layihədə iştirak etmək üçün seçilməsini, həm də ABŞ və Azərbaycan rəssamları arasında yaradıcılıq mübadiləsinin təbliğini təmin etmişdi.

Daniel McGrath və Dana Turkovic tərəfindən 2010-cu ilin iyul ayında başlanmış "TƏCRİD OTAĞI" layihəsi istənilən sənət əsərini karantin təcridi şəraitinə salmağa imkan verir. Karantinə düşərək, əsər, sanki, bütün qıraq mövzulardan və əvvəlki kontekstlərindən təmizlənir. Sərgilənən eksponatla onun ziyarətçilərini qapalı və darısqal şəraitə salan layihə modulu eksponatın sırf estetik dəyərini qiymətləndirməyə kömək edir, rəssam, kurator və tamaşaçı auditoriyası arasında əlaqəni yeniləyir.

Üç il yarımdan artıq müddət ərzində "TƏCRİD OTAĞI" layihəsinin modulu müxtəlif yerli, milli və beynəlxalq meydançalarda qurulub təcrübədən keçirilmişdi, o cümlədən: Fabrikken, Kopenhagen, Danimarka; The Lemp Brewery, Sent-Luis; Hunter College Qalereyası, Nyu-York; The Luminary, Sent-Luis. Artıq Ed Ruscha, Marcel Dzama və Alison Jackson kimi sənətkarların əsərləri layihə modulunda nümayiş etdirilmişdi.

Mini-sərgilərdən əlavə, YARAT həm də Daniel McGrath və Dana Turkovic tərəfindən keçiriləcək mühazirə və müzakirələr də təşkil edəcək:
11 mart, saat 19:30-da - "Matryoşka modeli və digər kurator layihələri" (Dana Turkovic)
13 mart, saat 19:00-da - "İntiqam 101" mühazirəsi (Daniel McGrath)

Aprelin 4-dək davam edəcək layihədə iştirak edəcək rəssamlar bunlardır:

12 mart, 19:00

13 mart, 11:00-17:00
Isak Berbic (Bosnia / Based in New York)
Slater Bradley (San Francisco / Based in Berlin)
Juliet Chadwick (London / Based in Stroud)
Juan William Chavez (Lima / Based in St. Louis)
Marcel Dzama (Winnipeg / Based in New York)
Thomas Harris (Bristol / Based in Los Angeles)
Pablo Helguera (Mexico City / Based in New York)
Jay Lizo (Chicago / Based in Los Angeles)
Ross McDonnell (Dublin / Based in New York)
Lisa Sanditz (St. Louis / Based in New York)
Ryan Thayer (St. Louis / Based in Berlin)
14 - 19 mart Emin Azizbeyli (Azerbaijan)
20 - 25 mart Lana Sokolova (Azerbaijan)
26 - 31 mart Zamir Suleymanov (Azerbaijan)
01 - 04 mart Ayten Abdullayeva (Azerbaijan)

YARAT haqqında

YARAT Azərbaycanın paytaxtı Bakıda yerləşən qeyri-kommersiya təşkilatıdır, Aida Mahmudova ilə bir qrup rəssam tərəfindən 2011-ci ildə təsis edilmişdir. YARAT Azərbaycanda müasir incəsənəti ictimaiyyətə daha yaxından tanıtdırmaq üçün çalışır, Azərbaycan incəsənətinin ölkə daxilində və beynəlxalq səviyyədə təbliğ və təmsil olunması ilə məşğuldur.

YARAT (azərbaycanca "yaratmaq" sözünün mənasında) tərəfindən indiyə qədər, əksəriyyəti Bakıda təşkil olunaraq, 80-dən artıq layihə həyata keçirilib. YARAT-ın fəaliyyətində əsas mahiyyət kəsb edən tədris-təlim işi art-rezident səfərlərindən, praktiki məşğələlərdən, müsabiqələrdən ibarətdir,

2014-cü ildə isə yay məktəbi də təşkil olunmuşdu. Təşkilatın ARTIM proqramı (azərbaycanca "artmaq" sözünün mənasında) incəsənətə meyl göstərən gəncləri dəstəkləyir, onların işlərini kuratorların diqqətinə çəkib sərgiləndirməyə imkan yaradır. 2012-ci ildə YARAT tərəfindən YAY Qalereyası təsis edilmişdir. Bu ictimai əsaslı müəssisədə əsərlərin satışından əldə edilən qazanc müəlliflə YARAT arasında bölüşdürülür.

YARAT Bakıda, açıq havada düzənlənən iki Pablik-Art Festivalı keçirib, şəhərin muzeyləri ilə birlikdə sərgilər hazırlayıb. Beynəlxalq layihələrdən isə, 55-ci Venesiya Biennalesində və IV Moskva Beynəlxalq Gənclər İncəsənəti Biennalesində iştirakını qeyd etmək kifayətdir.

Təşkilat böyüməkdə davam edir. 2014-cü ildə YARAT-ın yeni bir binası istifadəyə verilmişdi. Bu binada rəssam emalatxanaları, eləcə də "art-rezident" proqramı üçün mənzillər yerləşir. 2015-ci ilin mart ayında YARAT Müasir İncəsənət Mərkəzi də açılır. YARAT-ın ilk daimi sərgiləmə yeri olan bu yeni mərkəz Qafqaz, Orta Asiya və qonşu ölkələri əhatə etməklə müasir incəsənətə və incəsənətin tədrisinə xidmət edən regional miqyaslı bir qovşaq olacaq.

Kuratorlar haqqında

Daniel McGrath. Sent-Luis şəhərindəki Lindenwood Universitetinin İncəsənət fakültəsində ştatdankənar professor vəzifəsində çalışır. 2005-ci ildə London Universitetinin Kral Kollecini bitirərək, İncəsənət Magistri dərəcəsini qazanmışdır. 2000-ci ildə UCLA Universitetini bitirərək, təsviri sənət üzrə bakalavr dərəcəsini qazanmışdır. "YIĞMA QALEREYA / TƏCRİD OTAĞI" layihəsinin direktorlarından biridir. Los-Ancelesdə "Sweetboy" layihəsinin direktorlarından biridir. Los-Ancelesdə, Sent-Luisdə, eləcə də Birləşmiş Krallıqda sərgilər keçirmişdi. İncəsənət bölməsi üzrə ştatdankənar yazar qismində "Art Papers", "Art US", "Review", "Sculpture" və "St. Louis Magazine" kimi dərgilərlə əməkdaşlıq edir. Koreyalı rəssam Fi Jae Lee-nin və amerikalı rəssam Jaime Adams-ın yaradıcılığı haqqında esselər, Londondakı İmperiya Müharibə Muzeyi üçün kitab xülasələri dərc etdirib. Əsərlərini nümayiş etdirdiyi sərgi salonları: "Hunter College MFA Studios", Nyu-York; "Office Space", Los-Anceles; "SweetboyProjects", Los-Anceles; "Pirate", Börford, Birləşmiş Krallıq; "PSTL", Sent-Luis; bir də "Hunt" Qalereyası, Sent-Luis. Sent-Luisdə (Missuri ştatı) yaşayıb çalışır, burada yerləşən duetin - kurator layihəsinin direktorudur.

Dana Turkovic. "Laumeier Sculpture Park" açıq hava muzeyinin sərgilər üzrə kuratorudur. Webster Universitetinin incəsənət fakültəsində ştatdankənar professor vəzifəsində də çalışır. 2005-ci ildə kuratorluq sənəti üzrə London Universitetinin Goldsmiths Kollecini bitirərək, İncəsənət Magistri dərəcəsini qazanmışdır. "UCLA Hammer" Muzeyinin baş dizayneri vəzifəsində illər boyu işləsə də, sonradan diqqətini özünün kuratorluq iddialarına çevirdi. Afinada (Yunanıstan), Los-Ancelesin "Monte Vista Projects" salonunda, Londonun və Oksfordun (Birləşmiş Krallıq) alternativ məkanlarında, eləcə də Sent-Luisin Müasir İncəsənət Muzeyində, "Boots" Müasir İncəsənət Məkanında, "Ellen Curlee" Qalereyasında, "White Flag Projects" və "Schmidt" Müasir İncəsənət Muzeyində sərgilər təşkil etmişdir. "Art US" və "Review magazine" kimi dərgilərdə publikasiyalar dərc etdirib. Sent-Luisdə (Missuri ştatı) yaşayıb çalışır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti