Azərbaycan, Bakı, 4 may /Trend/
Mayın 4-də Heydər Əliyev Mərkəzində Heydər Əliyev Fondunun dəstəyi ilə istehsal edilmiş "Hədəf Bakıdır. Hitler neft uğrunda döyüşü necə uduzdu" sənədli filminin təqdimatı keçirilib.
Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva, Arzu Əliyeva təqdimat mərasimində iştirak ediblər.
AZƏRTAC xəbər verir ki, faşizm üzərində qələbənin 70 illik yubileyinə həsr olunan bu layihənin rəhbəri Arzu Əliyeva, filmin prodüseri Lui Vodevil (Louis Vaudeville), rejissoru Robert Maqnerotdur (Robert Mugnerot).
Filmin nümayişindən əvvəl çıxış edən Arzu Əliyeva mərasim iştirakçılarını salamlayaraq dedi:
- Bu il bütün dünya faşizm üzərində qələbənin 70 illik yubileyini qeyd edir. Bu tarixi hadisə münasibətilə Azərbaycanın bütün müharibə veteranlarını təbrik edirəm. Azərbaycan bu qələbəyə böyük töhfələr vermişdir. Xalqımız cəbhəyə 700 minə yaxın oğul və qızını yola salmışdır. Onların təxminən yarısı döyüş meydanlarından geri qayıtmamışdır. Bir çox həmvətənimiz Sovet İttifaqı Qəhrəmanı adına layiq görülmüş, müxtəlif orden və medallarla təltif edilmişdir. İkinci Dünya müharibəsində qələbənin qazanılmasında Bakı nefti əvəzsiz rol oynamışdır. 1941-1945-ci illər müharibəsi zamanı Sovet İttifaqının sərf etdiyi neftin 70 faizindən çoxu, benzinin 80 faizi Azərbaycanın payına düşmüşdür. Qələbənin təmin olunmasında böyük rol oynamış tank və təyyarələr Bakı neftçilərinin göndərdiyi yanacaqla hərəkət edirdi. Azərbaycan xalqının bu müharibədə göstərdiyi qəhrəmanlıq heç vaxt unudulmayacaq.
Ölkəmizin tarixinin bu məqamlarını yaşatmaq və dünya ictimaiyyətinə çatdırmaq məqsədilə Bakı Media Mərkəzi Heydər Əliyev Fondunun dəstəyi ilə sənədli film hazırlamağı qərara aldı. Biz dünya şöhrətli prodüser Lui Vodevilə müraciət etdik və mən ona bu uğurlu iş birliyinə görə dərin minnətdarlığımı bildirirəm. Çox xoşdur ki, Bakı neftinin şöhrətindən bəhs edən bu filmi dünya ictimaiyyətinə məşhur rejissor Robert Maqnerot təqdim edir. Filmin hazırlanmasında iştirak edən hər bir kəsə öz təşəkkürümü bildirirəm.
Sonra çıxış edən prodüser Lui Vodevil filmin çəkiliş prosesləri barədə geniş məlumat verdi. Bildirdi ki, ona göstərilən etimadı doğrultmaq üçün öz həmkarları ilə bütün qüvvə və bacarıqlarını səfər edib. Filmin çəkilişinin hər mərhələsində Arzu Əliyevanın olduqca fəal iştirak etdiyini diqqətə çatdıran prodüser ona təşəkkürünü bildirdi.
Lui Vodevil filmin çəkilişində göstərilən dəstəyə və dəyərli tövsiyələrə görə Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva dərin minnətdarlığını ifadə etdi.
Azərbaycanın beynəlxalq aləmdə layiqli yer tutduğunu deyən Lui Vodevil ölkənin uğurlarını təmin edən strategiyanın təməlinin ümummilli lider Heydər Əliyev tərəfindən qoyulduğunu və bu siyasətin hazırda Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən qətiyyətlə davam etdirildiyini vurğuladı.
Sonra film nümayiş olundu.
"Hədəf Bakıdır. Hitler neft uğrunda döyüşü necə uduzdu" filminin çəkilməsində məqsəd Azərbaycan xalqının faşizm üzərində qələbədə rolunu bütün dünyaya göstərmək və eyni zamanda bu tarixi həqiqəti gələcək nəsillərə çatdırmaqdır. İlkin mərhələdə filmin mövzusu müxtəlif ölkələrin ekspertləri tərəfindən araşdırılıb.
Filmin təkcə HD formatına keçirilməsi, bərpası və rənglənməsi üç aydan çox davam edib. Hazırlıq işlərinə 100-dək insanın cəlb olunduğu filmin yaradılmasında "National Geographic" kanalının 10 əməkdaşı, həmçinin ayrı-ayrı ölkələrdən 45 nəfərlik heyəti yaxından iştirak edib. Ümumilikdə, filmin təxminən 50 milyon tamaşaçı tərəfindən izlənilməsi gözlənilir. Film müharibənin ağrı-acısını yaşayan hər kəsin, həmçinin ön cəbhədə döyüşənlərin, arxa cəbhədə gərgin əməyi ilə böyük qələbədə payı olan insanların xatirəsinə ithaf edilir.
Xronometrajı 52 dəqiqə olan rəngli sənədli filmin süjet xətti xalqımızın faşizm üzərində Qələbədəki rolundan, eləcə də Azərbaycan neftinin müharibə illərində strateji əhəmiyyətindən bəhs edir.
Qeyd edək ki, filmin çəkilişi Bakı Media Mərkəzi və Fransanın sənədli film istehsalı sahəsində tanınmış "Clarke Costelle&Co" (CC&C) şirkəti tərəfindən aparılıb. Bu şirkətin ikinci Dünya müharibəsindən bəhs edən digər filmini - "Apokalipsis: II Dünya müharibəsi" adlı ekran əsərini 171 ölkədə 1 milyarddan çox tamaşaçı izləyib.
Çəkilişləri 14 ay davam edən "Hədəf Bakıdır" sənədli filmin üzərində iş zamanı Azərbaycan, Almaniya, ABŞ, Böyük Britaniya, Fransa və Rusiya arxivlərində 200 saatlıq videomaterial, habelə çoxsaylı fotolar və digər sənədlər araşdırılıb.
Filmdə ikinci Dünya müharibəsinin tarixinə tamamilə yeni baxış bucağından - neft uğrunda savaş prizmasından baxılır. Müharibənin ayrı-ayrı döyüş səhnələrini əks etdirən, bu günədək nümayiş olunmamış videokadrlar bərpa olunmuş rəngli formatda təqdim edilir.
Ekran əsəri Azərbaycan dili ilə yanaşı, rus, ingilis, fransız, alman, italyan və digər dillərə də tərcümə olunub.
"Hədəf Bakıdır. Hitler neft uğrunda döyüşü necə uduzdu" film mayın 8, 9 və 10-da "National Geographic" kanalında, o cümlədən Fransa, İngiltərə, Almaniya, İtaliya, Polşa, Macarıstan, Danimarka, Türkiyə, İspaniya, Sloveniya, Balkan ölkələri, Afrika ölkələri, Yunanıstan, Çexiya və digər yerlərdə nümayiş etdiriləcək.
Sonda xatirə şəkli çəkdirildi.