...

Məşhur "Nikolya Şokolad Muzeyi" dünya turu çərçivəsində Bakıda açılır (FOTO)

Mədəniyyət Materials 14 May 2015 15:42 (UTC +04:00)
Dünya turu çərçivəsində dünya ölkələrinin 40-dan artıq şəhərində qonaq olan məşhur "Nikolya Şokolad Muzeyi" 15 may 2015-ci il tarixdə saat 18:00-da Bakıda Muzey Mərkəzində açılır.
Məşhur "Nikolya Şokolad Muzeyi" dünya turu çərçivəsində Bakıda açılır (FOTO)

Azərbaycan, Bakı, 14 may /Trend/

Dünya turu çərçivəsində dünya ölkələrinin 40-dan artıq şəhərində qonaq olan məşhur "Nikolya Şokolad Muzeyi" 15 may 2015-ci il tarixdə saat 18:00-da Bakıda Muzey Mərkəzində açılır.

Muzey Mərkəzi və Azərbaycan Mədəniyyət və Turizm Nazirliyi təşkilatçılığı təşkil olunan sərgi 15 may 28 iyun 2015-ci il tarixlərində keçiriləcək.

Nazirlikdən Trend-ə verilən məlumata görə, 200 kvadratmetrlik sahədə ümumi çəkisi 700 kiloqramdan artıq olan yüksək keyfiyyətli 250-dən artıq şokolad məmulatı, o cümlədən şokolad və marzipan heykəlcikləri, şokolad bagetlərlə çərçivələnmiş şokolad rəsmləri, şokolad miniatür və kompozisiyalar təqdim olunacaq. Bununla yanaşı, sərgidə şokoladın tarixi və bu barədə maraqlı faktlarla tanış olmaq imkanı olacaq.

Bakıdakı sərgisi üçün məşhur şokolatye Nikolya xüsusi olaraq Azərbaycan və Bakıya həsr olunmuş şokoladdan bir sıra sənət əsəri hazırlayıb. Burada 70 kiloqramdan artıq çəkisi olan "Qız qalası" şokolad miniatürü, Hökumət evi, Muzey Mərkəzi, Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrı, "FlameTowers" binalarını əks etdirən əsərləri, eləcə də marzipan meyvə və gülləri, şokolad manqalı və digər əsərləri görmək olar.

Sərginin keçirildiyi dövrdə müəllif çəkisi 200 kiloqramdan artıq olan və Bakıda keçiriləcək Birinci Avropa Oyunlarına həsr etdiyi dünyanın ən nəhəng şokolad rəsmini təqdim edəcək.

Bununla yanaşı, məşhur şokolatye sərgi zamanı satışa çıxarılacaq xüsusi texnologiya ilə hazırlanmış bir sıra eksklüziv şokolad suvenir məmulatları təqdim edəcək. Öz əli ilə şokolad möcüzələri hazırlamaq istəyənlər üçün isə müəllif tərəfindən ustad dərsləri təşkil olunacaq.

"Nikolya Şokolad Muzeyi"nin sərgisi müxtəlif yaş və statuslu tamaşaçıları cəlb edir. 5 il ərzində sərgini 500 mindən artıq tamaşaçı ziyarət edib.

Biletlərin qiyməti (18 yaş) böyüklər üçün 7 AZN, məktəb (6-18) yaşlı uşaqlar üçün 3 AZN-dir. 6 yaşa qədər uşaqlar üçün giriş pulsuzdur. Çoxuşaqlı ailələr və 15 nəfərə qədər qruplara endirimlər nəzərdə tutulub.

Hər bir ziyarətçi üçün bir neçə növ şokoladın dequstasiyası təşkil olunacaq.

Ünvan: Neftçilər prospekti, 49, Muzey Mərkəzi, 4-cü mərtəbə
Tel: +94412 493 72 87, 493 58 83
Email:www.museumcenter.az
[email protected]

Məqalədə:
Xəbər lenti

Xəbər lenti