...

Qloballaşmanın milli ədəbiyyatlara təsiri müzakirə edildi (FOTO)

Mədəniyyət Materials 8 İyun 2015 11:18 (UTC +04:00)
Azərbaycanda keçirilən V Şairlər Günü çərçivəsində Yazıçılar Birliyinin "Natəvan” klubunda "Qloballaşma çağında milli ədəbiyyatlarda və ictimai fikirdə təhlükəsizlik məsələləri” adlı simpozium keçirilib.
Qloballaşmanın milli ədəbiyyatlara təsiri müzakirə edildi (FOTO)

Azərbaycan, Bakı, 8 iyun /Trend/

Azərbaycanda keçirilən V Şairlər Günü çərçivəsində Yazıçılar Birliyinin "Natəvan" klubunda "Qloballaşma çağında milli ədəbiyyatlarda və ictimai fikirdə təhlükəsizlik məsələləri" adlı simpozium keçirilib. Trend-in məlumatına görə, Sinergetik Tədqiqatlar İctimai Birliyi, AYB-nin Bədii Tərcümə və Ədəbi Əlaqələr Mərkəzi və Gənc Yazarlar Birliyinin birgə təşkilatçılığı ilə keçirilən tədbirdə dünyada baş verən siyasi-ictimai hadisələrin müasir ədəbiyyata təsiri, milli söz sənətinin qloballaşmanın fəsadlarından müdafiəsi məsələləri ətrafında fikir mübadiləsi aparılıb. Simpozium bu ilin may ayında Sinergetik Tədqiqatlar İctimai Birliyi ilə AYB-nin Bədii Tərcümə və Ədəbi Əlaqələr Mərkəzinin imzaladığı əməkdaşlıq memorandumu əsasında baş tutub.

AYB sədri, xalq yazıçısı Anar simpoziumu açaraq V Şairlər Günü münasibətilə iştirakçıları təbrik edib. O qeyd edib ki, müasir dünyada milli ədəbiyyatların qloballaşmanın mənfi təsirlərindən qorunması istiqamətində belə beynəlxalq tədbirlərin keçirilməsi mühüm hadisədir və ədəbi əlaqələrin müsbət inkişafına öz töhfəsini verəcək.

Bədii Tərcümə və Ədəbi Əlaqələr Mərkəzinin rəhbəri Səlim Babullaoğlu simpoziumum məqsədi haqqında danışaraq bildirib ki, Şairlər Günü ilə əlaqədar keçirilən bu tədbir qonşu ölkələrdən olan ədiblərin iştirakı ilə müzakirə xarakteri daşıyır. Onun sözlərinə görə, ədəbiyyatda müsbət inkişafa və davamlı əlaqələrə nail olmaq üçün tanınmış şair və yazıçılar arasında görüşlərin keçirilməsi, informasiya resurslarında mədəni tədbirlərin işıqlandırılması, yaradıcılıq gecələrinin təşkil olunması vacib amildir: "Qloballaşmanın əsas göstəricilərindən biri olan sosial şəbəkələr təbliğ və dünyaya daha rahat çıxışla yanaşı, əslində insanları köməksiz edib. Biz bu gün canlı deyil, virtualıq. Buna görə də qarşılıqlı ədəbi görüşlərin keçirilməsi canlı söz sənətinin qorunması istiqamətində çox əhəmiyyətlidir".

Sinergetik Tədqiqatlar İctimai Birliyinin sədri Anar Tahirov çıxışında vurğulayıb ki, ulu öndər Heydər Əliyev müstəqillik dönəmi ilə yanaşı, sovetlər dövründə də Azərbaycan ədəbiyyatına, milli təfəkkürün formalaşması xüsusi diqqət göstərib, ədiblərə öz qayğısını əsirgəməyib. Bu gün də Prezident İlham Əliyev Azərbaycan ədəbiyyatının təbliğ və tərənnümünə böyük önəm verir. Ədəbi-mədəni əlaqələrin inkişafı istiqamətində mühüm işlər görülür. A. Tahirov bildirib ki, milli fikrin, ictimai təfəkkürün formalaşmasında ədəbiyyatın, eləcədə incəsənətin rolu əvəzolunmazdır. Buna görə də xarici qonaqların bugünkü simpoziumla yanaşı, digər gələcək tədbirlərdə də öz ölkələrinin təcrübələrini bölüşməsi çox mühümdür. A. Tahirov onu da diqqətə çatdırıb ki, simpoziumda təmsil olunan ölkələrlə gələcəkdə birgə layihələrin keçirilməsi də planlaşdırılır.

AYB-nin Moskva bölməsinin məsul katibi Afaq Şıxlı öz çıxışında bildirib ki, qloballaşma dünyəvi problemlərlə yanaşı ədəbiyyata da toxunur. Bu, öz müsbət və mənfi tərəfləri ilə yadda qalır.

Qloballaşma təsirində yaranmış kütləvi ədəbiyyat senzuradan kənar, aşağı səviyyəli, kommersiya xarakterlidir: "Üstəlik, zorakılıq hadisələri, əxlaqa zidd macəraların ədəbiyyata gətirilməsi hallarına yol açıb. Bu da nəticə etibarilə keyfiyyətsiz yazıların sosial şəbəkələr vasitəsilə əsl ədəbiyyatı önə keçməsinə şərait yaradır. Müsbət tərəfi isə bədii tərcümənin geniş vüsət tapmasıdır".

Türkiyə Cümhuriyyətinin Azərbaycandakı səfirliyinin Kültür Tanıtma müşaviri Seyid Ahmet Aslan isə vurğulayıb ki, qloballaşma həm də qərbləşmə deməkdir. Bu da öz növbəsində milli, xüsusilə də türk ədəbiyyatının tənəzzülə uğraması təhlükəsi yaradır. Onun sözlərinə görə, qələm adamları qərb ənənələrini ədəbiyyata gətirərkən öz millətinin heysiyyət və şərəfini nəzərə almalıdırlar.

Türkiyə elm və ədəbiyyat sahibləri məslək birliyinin sədri Mehmet Nuri Parmaksız hazırda dünya ədəbiyyatında önə çıxmış qloballaşmanın nəticəsi olan postmodernizm cərəyanına toxunub: "Postmodernizm keçmişi bu gün sorğulamaq deməkdir. Bu zaman istər-istəməz keçmişdəki bəzi çatışmazlıqlar ortaya çıxa bilər. Amma bu da özündən əvvəlkiləri təhqir etmək, onlara xor baxmaq anlamına gəlməməli, o dövrün şərtləri və siyasi quruluşu nəzərə alınmalıdır. Sosial şəbəkələrdə hər kəs öz yazdığını əsər hesab edir. Halbuki hər yazılan ədəbiyyat deyil. Ədəbiyyat nizamlı olmalı və bəşəriyyətə doğru mesaj göndərməlidir".

Ukraynanın tanınmış radioaparıcısı, sənətşünas Konstantin Doroşenko, Gürcüstan yazıçısı Givi Alxazişvili, Şimali Kipr Türk Respublikasının Mətbuat Şurasının sədri Züleyxa Karaman, Özbəkistan "Kitab dünyası" qəzetinin baş redaktoru Xasiyyət Rüstəm, tanınmış İran şairi Məhəmməd Rza Cəfəri və başqaları qloballaşma dövründə milli ədəbiyyatların üzərinə böyük vəzifələr düşdüyünü diqqətə çatdırdılar. Qeyd etdilər ki, milli ədəbiyyatlarda dostluğu tərənnüm edən, şiddətdən, zorakılıqdan uzaq, bəşəriyyətə xoş məramlar aşılayan bədii əsərlər yazılmalı və təbliğ olunmalıdır. Yalnız sülh və xoş niyyətlə insanlığı, dünyanı, ədəbi irsi qorumaq mümkündür.

Sonda simpozium iştirakçıları xatirə şəkli çəkdirdilər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti