...

Əbülfəs Qarayev İtaliyadadır (FOTO)

Mədəniyyət Materials 1 Avqust 2015 14:14 (UTC +04:00)

Azərbaycan, Bakı, 1 avqust /Trend/

İyulun 31-də İtaliyanın Milan şəhərində keçirilən "EXPO Milan 2015" sərgisi çərçivəsində mədəniyyət nazirlərinin iştirakı ilə beynəlxalq konfrans öz işinə başlayıb.

Trend Mədəniyyət və Turizm Nazirliyinə istinadən məlumat verir ki, tədbirdə Azərbaycanın mədəniyyət və turizm naziri Əbülfəs Qarayevin rəhbərlik etdiyi nümayəndə heyəti iştirak edir.

Açılış mərasimində İtaliyanın Baş naziri Matteo Renzi, YUNESKO-nun baş direktoru İrina Bokova, İtaliyanın mədəni irs, fəaliyyət və turizm naziri Dario Francesçini, 70-dən çox ölkədən mədəniyyət nazirləri və nümayəndə heyətləri iştirak edib.

"Mədəniyyət xalqlar arasında dialoqun təkmilləşdirilməsində əsas vasitədir" başlığı altında keçirilən tədbir ölkələri sülhə, əmin-amanlığa, qlobal dünyada mədəniyyət üzərindən qalib gəlməyə çağırıb.

Açılış nitqi ilə hər kəsi salamlayan D.Francesçini konfransın əhəmiyyətini xüsusi olaraq vurğulayıb və sözü müxtəlif ölkələrin mədəniyyət nazirlərinə verib.

Açılışda iştirak edən İ.Bokova çıxışı zamanı tədbiri yüksək qiymətləndirib və bildirib ki, dünyada sülhün qorunması baxımınmdan belə tədbirlərin davamlı olaraq keçirilməsi zərurəti var.

Daha sonra müxtəlif ölkələrin mədəniyyət nazirlərinin çıxışları ilə davam edən konfransda mədəniyyətin müxtəlif aspektləri üzrə məsələlərə toxunulub.

Konfransda çıxış edən Ə.Qarayev bu gün mədəniyyət anlayışının sürətlə yayıldığını, ölkələr və xalqlar arasında yeni dəyərlərin, yeni həll yollarının axtarılmasında və mövcud problemlərin həll edilməsində mühüm rol oynadığını bildirib.

Nazir ölkəmizdə multikulturalizm ənənələrinin uzunmüddətli ənənələrə söykəndiyini bildirib, bu il 3-cü dəfə ölkəmizdə keçirilən Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun və ölkəmizin ilk dəfə ev sahibiyi etdiyi I Avropa Oyunlarının dünyanın müxtəlif hissələrindən olan mədəni və dini müxtəliflikləri bir araya gətirdiyini bildirib.

"Milan Expo 2015" sərgisində yer alan Azerbaycan pavilionundan bəhs edən nazir 3 müxtəlif biosferi özündə birləşdirən paviliona daxil olunan zaman ziyarətçilərə müxtəlif mədəniyyətllərin yanaşma təcrübəsini görməyə imkan verdiyini bildirib.

Həmçinin, Ə.Qarayev hər kəsi 2016-cı ilin 25-27 aprel tarixlərində Bakıda keçiriləcək Birləşmiş Millətlər Təşkilatının Sivilizasiyalar Alyansının 7-ci Qlobal Forumuna dəvət edib.

Qeyd edək ki, konfrans bu gün öz işinə yekun vuracaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti