...

İlham Əsgərovun vəfatı ilə əlaqədar nekroloq verilib

Mədəniyyət Materials 7 Sentyabr 2015 16:35 (UTC +04:00)
Mədəniyyət və Turizm Nazirliyi Xalq Artisti, pezident mükafatçısı İlham Təvəkkül oğlu Əsgərovun vəfatı ilə bağlı nekroloq verilib.
İlham Əsgərovun vəfatı ilə əlaqədar nekroloq verilib

Azərbaycan, Bakı, 7 sentyabr /Trend, müxbir Elmir Murad/

Mədəniyyət və Turizm Nazirliyi xalq artisti, prezident mükafatçısı İlham Təvəkkül oğlu Əsgərovun vəfatı ilə bağlı nekroloq yayıb.

Trend-in məlumatına görə, nazirliyin yaydığı nekroloqda qeyd olunur ki, 1982-ci ildən Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının aktyor truppasına qəbul edilən İlham Əsgərov ömrünün sonuna kimi taleyini bu sənət ocağı ilə bağlayıb. Tanınmış sənətçi doğma teatrın səhnəsində, kino və televiziya ekranlarında yaddaqalan, maraqlı, rəngarəng obrazlar qalereyası yaradıb. Onun böyük ustalıqla ifa etdiyi Əli (M.İbrahimov "Közərən ocaqlar"), Ərəb (H.Cavid "İblis"), Əbubəkir (N.Həsənzadə "Atabəylər"), Həbib, Nicat, Anaşkin, Doktor Altay, İbrahim xan, Məhəmməd xan (İ.Əfəndiyev "Büllur sarayda", "Mahnı dağlarda qaldı", "Sevgililərin cəhənnəmdə vüsalı", "Tənha iydə ağacı", "Qarabağnamə", "Hökmdar və qızı"), Loğman və Əmir, Sabutay, Nadir (B.Vahabzadə "Fəryad", "Rəqabət"), Fransa kralı (U.Şekspir "Kral Lir"), N.Nərimanov (Ə.Əmirli "Mesenat") Həbibi (M.Seyidzadə "Füzuli və Əsmər"), Piri baba (S.S.Axundov "Qaraca qız") və başqa obrazlar təkcə İ.Əsgərovun yaradıcılıq müvəffəqiyyəti olmayıb, milli teatrımızın tarixinin parlaq səhifələrini təşkil edir.

İstedadlı aktyor Azərbaycan Dövlət Televiziyasında U.Şekspirin "İki veronalı", İ.Əfəndiyevin "Sarıköynəklə Valehin nağılı", B.Vahabzadənin "Kimdir haqlı", A.Qəhrəmanovun "Səndən xəbərsiz", M.Süleymanlının "Fatehlərin divanı" teletamaşalarında Valentin, Valeh, Fərrux, Fikrət, Bilgə xan kimi yaddaqalan obrazlar yaradıb. "Azərbaycanfilm" kinostudiyasının istehsal etdiyi "Qəzəlxan" və "Əlahiddə vəziyyət" bədii filmlərində uğurla çəkilib. O, radionun məşhur "Bulaq" verilişinin unudulmaz aparıcılarından biri idi.

Milli teatr sənətinin inkişafında bütün qüvvəsini sərf edən istedadlı aktyorun xidmətləri həmişə yüksək qiymətləndirilir. O, 2000-ci ildə əməkdar artisti, 2006-cı ildə xalq artisti fəxri adlarına layiq görülüb. 2005-ci ildən prezident mükafatçısı idi.

Unudulmaz sənətkar, gözəl insan İ.Əsgərovun əziz xatirəsi bütün sənətsevərlərin qəlbində əbədi yaşayacaqdır.

Mədəniyyət və Turizm Nazirliyinin rəhbərliyi və kollektivi aktyor İlham Əsgərovun vəfatı ilə əlaqədar başsağlığı verir.

Xatırladaq ki, İ.Əsgərov sentyabrın 6-da dünyasını dəyişib. Bir neçə il öncə onun beyninə qan sızmışdı.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti