...

Məbud Məhərrəmov kimin "daydayı"dır? (FOTO/VİDEO)

Mədəniyyət Materials 31 Avqust 2016 16:44 (UTC +04:00)
“Nazlı” tammetrajlı romantik komediya filminin çəkilişləri artıq yekunlaşdı.
Məbud Məhərrəmov kimin "daydayı"dır? (FOTO/VİDEO)

Bakı. Trend:

“Nazlı” tammetrajlı romantik komediya filminin çəkilişləri artıq yekunlaşdı.

Filmin baş qəhrəmanı olan İsmayılın dayısı Cəbi kişini Azəbaycanın xalq artisti Məbud Məhərrəmov canlandıracaq.

Filmin quruluşçu rejissoru Rəhman Rafiqoğlu Trend-ə verdiyi müsahibədə Cəbi kişi obrazının çox rəngarəngli və mühüm olduğunu bildirib: “Hələ filmin ssenarisi yazılarkən yaradılan bir neçə obrazın hansı aktyorlar tərəfindən canlandırılacağı bizə təxmini olaraq məlum idi. Yəni biz ssenarini sırf düşündüyümüz bəzi aktyorlar üçün yazırdıq. Belə obrazlardan biri də filmdə baş qəhrəman olan İsmayılın dayısı Cəbi kişi idi. Bu rol, təbii ki, özünün xəbəri olmadan Məbud müəllim üçün yazılırdı. Ancaq hər şey bizim gözlədiyimiz qədər də rahat olmadı. Məbud Məhərrəmov ssenarini oxuduqdan sonra Cəbi kişi rolunun “onluq olmadığı"nı bildirdi. Lakin uzun mübahisələrdən sonra (əlbəttə ki, sülhyönlü) biz ümumi məxrəcə gələrək Məbud müəllimi Cəbi kişi rolunu oynamağa razı saldıq. Qeyd etmək istərdim ki, Məbud Məhərrəmovun Cəbi kişini canlandırması bizim bütün gözləntilərimizi üstələdi. Hətta sonradan o özü də Cəbi kişi rolunu çox bəyəndiyini və ona yaxın olduğunu etiraf etdi. Gözəl insan, dəyərli sənətkar Məbud müəllimin də bizimlə olmasına çox sevinirik".

M.Məhərrəmov İBRUS və ÜNS kimi teatrlarda müxtəlif rolları oynayıb, ancaq onun fəaliyyətinin dəyişməz ünvanı Səməd Vurğun adına Rus Dram Teatrı olaraq qalır. Xalq artisti M.Məhərrəmovun yaratdığı Ağasəf ("Gənc qadın üçün kişi"), Əmrah ("Mənzil"), Ər ("Mənim ərim dəlidir"), Qannibal ("Qəribə missis Sevic"), Şut ("Kral Lir") kimi obrazları aktyorun rəngarəng yaradıcılıq palitrasının nümunələrindəndir.

Xatırladaq ki, “Nazlı” romantik komediya filmində baş rollarda Dövlət Akademik Dram Teatrının aktyoru Ülvi Həsənli və ən gənc və çox istedadlı aktrisalardan biri olan Xumar Səlimova çəkilir. Əsas rollardan biri sayılan ekstrovaqant və ekssentrik Jan Pol obrazını müxtəlif müsabiqələrin qalibi Qorqud (Qoqi) Cəfərli canlandırır.

Bundan əlavə, respublikamızın xalq artisti Arif Quliyev, əməkdar aktrisa Mehriban Xanlarova, əməkdar aktrisa Naidə Orucova, əməkdar artist Fərid Əliyev, kimi incəsənət aləminin parlaq simaları da “Nazlı” romantik komediya filmində müxtəlif rolları bölüşürlər.

Quruluşçu rejissor Rəhman Rafiqoğlu, ssenari müəllifləri Rəhman Rafiqoğlu, Tural Fitat, quruluşçu operator Əli Sultanov, baş produser Murad Məhərrəmlidir.

İnformasiya dəstəyi: Trend.az, Day.az, Milli.az

Məqalədə:
Xəbər lenti

Xəbər lenti