...

Rəşad Bayramovun "Sözünə güvən" kitabı təqdim olunub (FOTO)

Mədəniyyət Materials 8 Dekabr 2016 14:53 (UTC +04:00)
Beynəlxalq biznes təlimçisi Rəşad Bayramovun “Sözünə güvən” kitabı təqdim olunub.
Rəşad Bayramovun "Sözünə güvən" kitabı təqdim olunub (FOTO)

Bakı. Trend:

Beynəlxalq biznes təlimçisi Rəşad Bayramovun “Sözünə güvən” kitabı təqdim olunub.

Natiqlik və korporativ kommunikasiya üzrə mütəxəssis, beynəlxalq biznes təlimçisi Rəşad Bayramovun "Sözünə Güvən" kitabının təqdimat mərasimi keçirilib. “Sözünə Güvən” kitabı öz çıxışlarını daha cəlbedici, danışığını daha təsirli, fikirlərini daha yaddaqalan etmək arzusunda olan, karyerasında irəliləməyi hədəf seçmiş peşəkarlar üçün yazılıb. Bu kitabda auditoriya qarşısında çıxışların on prinsipi izah edilir. Hər prinsip gündəlik həyatdan misallarla təsvir edilib və düzgün tətbiq üçün asan vasitələrlə zənginləşdirilib.

Oxucular auditoriya qarşısında narahatlığını müsbət enerjiyə, darıxdırıcı məsələləri maraqlı hekayələrə, cansız slaydları rəngarəng təqdimata çevirməyin yollarını öyrənəcəklər. Ən önəmlisi isə onlar öz çıxışları ilə auditoriyanı hərəkətə gətirməyə qadir olacaqlar.

Peşəkar idarəçi, biznes məsləhətçisi, şəxsi konsultant və müəllim Fəxri Ağayev kitab haqqında bunları deyib: “Son bir neçə ildə Azərbaycanda və xaricdə on minlərlə insan qarşısında seminarlarda, təlimlərdə və konfranslarda çıxışlarım olub və hələ də Rəşad Bayramovdan öyrəndiyim bir neçə əsas taktika və alətlərdən istifadə edirəm. Düşünürəm ki, bizim hər birimiz üçün peşəkar və özəl həyatımızda çox vacib olan kommunikasiya, natiqlik və nitq sənətini məhz Azərbaycanın ən güclü peşəkarından öyrənmək çox vacibdir. “Sözünə Güvən” kitabını hər kəsə tövsiyyə edirəm və xoş mütaliələr arzulayıram”.

Azərbaycanın tanınmış şoumen və aparıcısı Murad Dadaşov deyib: “Yaşadığımız mühit, aid olduğumuz çevrə və həyat tərzimizdən asılı olmayaraq, bu kitab ictimai nitq qabiliyyətinin inkişafı və təkmilləşməsində dəyərli bilgi mənbəyidir. “Nə söylədiyin deyil, necə söylədiyin vacibdir” ifadəsi bu kitabın ana xəttini təşkil edir”.

Tədbirdə Azərbaycanın biznes və akademik mühitini təmsil edən tanınmış simalar və kitabın ön sifarişini edən seçilmiş gənc oxucular iştirak edib. Kitabın redaktorlarından olan Araz Yusuf və nəşriyyat evinin rəhbəri Nurman Tariq çıxış edib. Tədbirin sonunda kitabın imzalanma mərasimi olub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti