...

"Qremmi" mükafatı laureatı Patti Ostin Heydər Əliyev Mərkəzində çıxış edəcək

Mədəniyyət Materials 2 Oktyabr 2017 10:11 (UTC +04:00)
Noyabrın 15-də Heydər Əliyev Mərkəzində məşhur amerikalı caz ifaçı, “Qremmi” mükafatı laureatı Patti Ostinin konserti olacaq.
"Qremmi" mükafatı laureatı Patti Ostin Heydər Əliyev Mərkəzində çıxış edəcək

Bakı. Trend:

Noyabrın 15-də Heydər Əliyev Mərkəzində məşhur amerikalı caz ifaçı, “Qremmi” mükafatı laureatı Patti Ostinin konserti olacaq.

Mərkəzdən Trend-ə verilən məlumata görə, müğənni Bakıda dünya cazının ulduzu, əfsanəvi müğənni Ella Fitzceraldın xatirəsinə ithaf etdiyi, “Qremmi” mükafatının nominantı olmuş “For Ella” musiqi albomunu təqdim edəcək.

Qeyd edək ki, 2017-ci ildə dünyada “cazın birinci ledisi” E.Fitzceraldın 100 illiyi qeyd edilir və Patti Ostinin Bakı konserti də bu yubileyə həsr olunur.

P.Ostin 4 yaşında Nyu-Yorkun “Appolo Teatr”ında vokal debütünü edib. O, hələ uşaq yaşlarında müxtəlif müzikllərdə çıxış edib, 9 yaşında Kuinsi Consun konsert truppasında təmsil olunub, artıq 16 yaşında məşhur Harri Belafonte ilə turlarda iştirak edib.

P.Ostin Maykl Ceksonla onun “Off The Wall” albomunda “It's the Falling in Love” mahnısını duet oxuyub. Corc Benson və Lüter Vendross da onun duet tərəfdaşları arasındadır.

Bundan əlavə, müğənni 1980-ci illərin ən aparıcı studiya musiqiçisi olub, Pol Saymon, Billi Coel, Corc Benson, Robert Flek və digərləri ilə mahnı yazdırıb, “Steely Dan”, “The Blues Brothers” qruplarının kompozisiyalarının səsyazmasında iştirak edib.

P.Ostin indiyədək izləyicilərə 17 solo musiqi albomunu təqdim edib. “Avant Gershwin” albomuna görə isə o, 2008-ci ildə “Ən yaxşı caz vokal albomu” nominasiyasında “Qremmi” mükafatı ilə təltif olunub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti