...

Beynəlxalq Muğam Mərkəzi və “ADA” Universiteti əməkdaşlıq edir

Mədəniyyət Materials 19 Aprel 2018 21:29 (UTC +04:00)
“Azərbaycan dili və mədəniyyəti” tədris kursu çərçivəsində mədəniyyətimizin təbliği aparılır.
Beynəlxalq Muğam Mərkəzi və “ADA” Universiteti əməkdaşlıq edir

Bakı. Trend:

Beynəlxalq Muğam Mərkəzi “ADA” Universiteti ilə əməkdaşlığa başlayaraq xarici tələbə və peşəkarlar üçün İçərişəhərdəki “Ədibin Evi”ndə keçirilən “Azərbaycan dili və mədəniyyəti” tədris kursu çərçivəsində mədəniyyətimizin təbliği səylərinə qoşulub.

Beynəlxalq Muğam Mərkəzindən Trend-ə verilən məlumata görə, kurs müddətində iştirakçılar üçün bir sıra tədbirlər təşkil edilib, o cümlədən, Novruz bayramında Bakıda fəaliyyət göstərən diplomatik nümayəndəliklər və beynəlxalq şirkətlərin əməkdaşları üçün muğamat konserti keçirilib. Konsertdə Muğam Televiziya Müsabiqəsinin qalibləri olan ifaçılar muğam parçaları, təsniflər və xalq mahnıları səsləndiriblər.
Almaniyanın Giessen Universitetindən Azərbaycana səfərə gəlmiş, türkologiya üzrə magistr və doktorantura tələbələri isə “ADA” Universiteti və Beynəlxalq Muğam Mərkəzinin onlar üçün təşkil etdiyi “Azərbaycan muğamı və alman musiqisi Azərbaycan milli musiqi alətlərində” adlı konsert proqramında Azərbaycan musiqiləri ilə yanaşı görkəmli alman bəstəkarlarının əsərlərini də tar və kamançada dinləmək imkanı əldə ediblər.

“ADA” Universiteti və Beynəlxalq Muğam Mərkəzi “Ədibin Evi”ndə Azərbaycan musiqisinin və mədəniyyətinin təbliğinə həsr olunmuş tədbirlərin genişləndirilməsini nəzərdə tutur. İçərişəhərdə yerləşən “Ədibin Evi” görkəmli Azərbaycan yazıçısı və alimi Mir Cəlal Paşayevin 1929-1941-ci illərdə yaşadığı evdir və 2017-ci ildən Azərbaycan dilini, mədəniyyətini və ədəbiyyatını təbliğ edən yaradıcılıq mərkəzi kimi fəaliyyət göstərir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti