Bakı. Trend:
Beynəlxalq Muğam Mərkəzində Səməd Vurğun adına Azərbaycan Dövlət Rus Dram Teatrının bədii heyyəti tərəfindən məşhur İsrail dramaturqu İddo Netanyahunun "Məna axtarışında" əsərinin motivləri əsasında qoyulan tamaşa nümayiş edilib.
Trend-in məlumatına görə, tədbir İsrailin Azərbaycandakı səfirliyi, "Nariman film" və Muğam Mərkəzinin təşkilatı dəstəyi ilə həyata keçirilib.
Tədbiri açan səfir Dan Stav çıxışında böyük dramaturq İddo Netanyahunun əsərinin Bakı səhnəsində nümayişindən böyük məmnunluğ hissi keçirdiyni bildirərək, iki ölkə arasında siyasi, iqtisadi, mədəni, humanitar və digər sahələrdə olan əlaqələrin yüksələn xətlə inkişaf etdiyini və gün-gündən möhkəmləndiyini vurğuladı. Səfir belə gözəl gecənin təşkil olunmasına görə Beynəlxalq Muğam Mərkəzinin direktoru cənab Murad Hüseynova dərin təşəkkürünü bildirdi.
İsrailin məşhur dramaturqu İddo Netanyahu və onun xanımı da gecənin məşhur və hörmətli qonaqları arasında idilər.
Sonra tamaşaçılara İddo Netanyahunun Holokost mövzusuna həsr olunmuş "Məna axtarışında" əsərinin motivləri əsasında qoyulmuş tamaşa təqdim olunub.
Quruluşçu rejissor İlqar Səfət və Azərbaycanın xalq artistləri Lyudmila Duxovnaya, Məbut Məhərrəmov, aktyorlar Azər Aydəmir, Rumiyə Ağayeva tərkibli Səməd Vurğun adına Azərbaycan Dövlət Rus Dram Teatrının yaradıcı heyəti tamaşanı məharətlə oynayaraq tamaşaçıları laqeyd qoymadı.
Tamaşa böyük maraqla qarşılanaraq gur alqışlarla sona çatdı.
Qeyd edirik ki, Beynəlxalq Muğam Mərkəzində dünya və Azərbaycan mədəniyyəti və incəsənətinin gözəl nümunələrinin təbliği və inkişafı məqsədi ilə həyata keçirilən tədbirlər və möhtəşəm yaradıcılıq layihələri davam edir.
Dekabrın 25-də Muğam Mərkəzində Azərbaycan Televiziyası və Radiosunun “Mədəniyyət” kanalı ilə birgə həyata keçirilən “Yaradanlar və yaşadanlar” layihəsinin növbəti tədbiri keçiriləcək. Tədbir tanınmış müğənni, Azərbaycanın xalq artisti Tükəzban İsmayılovanın yaradıcılığına həsr olunacaq.