...

Mənsum İbrahimov: Xüsusi təcrid rejimini pozanlar təkcə öz sağlamlıqlarını deyil, öz doğmalarının da həyatını riskə atırlar

Mədəniyyət Materials 31 Mart 2020 10:51 (UTC +04:00)
Bu gün dünya böyük bir fəlakətlə üz-üzədir. Ölkəmiz də bu mənada çətin bir sınaq qarşısındadır.
Mənsum İbrahimov: Xüsusi təcrid rejimini pozanlar təkcə öz sağlamlıqlarını deyil, öz doğmalarının da həyatını riskə atırlar

Bakı. Orxan Cuvarlı - Trend:

Bu gün dünya böyük bir fəlakətlə üz-üzədir. Ölkəmiz də bu mənada çətin bir sınaq qarşısındadır.

Bunu Trend-ə açıqlamasında xanəndə, Azərbaycanın xalq artisti Mənsum İbrahimov deyib.

Onun sözlərinə görə, dövlət vaxtında önləyici addımlar atıb:

“Dövlətimiz həmişə xalqın, vətəndaşının yanındadır. Belə bir dövrdə milli həmrəylik, birlik çox vacibdir. Bildiyiniz kimi, Prezident İlham Əliyevin təşəbbüsü ilə Koronavirusla Mübarizəyə Dəstək Fondu yaradıldı. Qısa müddətdə bu fonda ciddi ianələr edildi, xalqımız birliyini bir daha nümayiş etdirdi. Bir sənətçi kimi mən də cənab Prezidentin çağırışına qoşuldum, bir aylıq vəzifə maaşımı bu fonda köçürdüm. Belə bir zamanda ianənin məbləği yox, xalqımızın həmrəyliyi önəmlidir”.

Xalq artisti qeyd edib ki, Azərbaycan xalqı mübarizdir və həmişə belə çətin zamanlarda öz birliyini ortaya qoyub:

“Düşünürəm ki, bu dəfə də biz sınaqdan üzüağ, alnıaçıq çıxacağıq. Bu, ciddi məsələdir. Əlbəttə ki, panikaya düşmək lazım deyil, sadəcə olaraq məsələyə daha ciddi, daha həssas yanaşmalıyıq. Sosial təcrid qaydalarına hər bir vətəndaşımız riayət etməlidir, ciddi zərurət yaranmadıqca evdən çölə çıxmamalıdır. Təəssüflər olsun ki, hələ də bəzi insanlar məsələnin ciddiyətinin fərqinə varmır, xüsusi təcrid rejimini kobud şəkildə pozur. Xüsusi təcrid rejimini pozanlar təkcə öz sağlamlıqlarını deyil, öz doğmalarının da həyatını riskə atırlar. Qoyulmuş qaydalara əməl etməklə biz bu dar məqamdan ən az itkilərlə çıxacağıq. Başa düşürəm ki, hava yaxşıdır, hamı gəzmək, dincəlmək istəyir. Amma unutmayın ki, həyat, yaşamaq daha gözəldir. Evdə qalaq, sağlam olaq və unutmayaq ki, biz birlikdə güclüyük”.

Xatırladaq ki, koronavirus (COVID-19) infeksiyasının Azərbaycan ərazisində geniş yayılmasının qarşısının alınması üzrə dövlət tərəfindən həyata keçirilən tədbirlər çərçivəsində insanların fərdi evlərində və mənzillərində, daimi və ya müvəqqəti yaşadıqları (olduqları) yerlərdə qalmaları tələb olunur.

Qeyd olunanlarla əlaqədar insanların həyat və fəaliyyəti üçün zəruri olan iş və xidmət sahələrindən başqa digər istiqamətlər üzrə fəaliyyət 2020-ci il 31 mart saat 00:00-dan 2020-ci il 20 aprel saat 00:00-dək dayandırılır.

Fərdi evlərdən və mənzillərdən insanların çıxışı - təxirəsalınmaz tibbi yardıma zərurət olduqda, həyat və sağlamlığa bilavasitə təhlükəli vəziyyət yarandıqda, fəaliyyətinə icazə verilən pərakəndə satış və əhaliyə xidmət göstərən obyektlərə getmək, məişət tullantılarının atılması hallarında, eləcə də xüsusi rejim dövründə fəaliyyət göstərən təşkilatlarda xidməti vəzifələrini icra etmək məqsədilə mümkündür.

İnsanların bir-biri ilə ünsiyyətini minimuma endirmək və bununla da infeksiyaya yoluxmanın sürətinin azaldılması məqsədilə bir sıra iş və xidmət sahələri üzrə fəaliyyət elan olunan müddətdə qadağan edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti