Bakı. Trend:
10 mart – Azərbaycan peşəkar milli teatrının yaranması günü “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsində qeyd edilib.
İdarədən Trend-ə verilən məlumata görə, tədbirdə Qoruğun İdarə Heyətinin sədri Şahin Seyidzadə İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin nəzdində fəaliyyət göstərən Bakı Marionet Teatrının kollektivi ilə görüşüb.
Azərbaycan peşəkar milli teatrının yaranmasının 149-cu ildönümünə həsr olunmuş səmimi görüşdə Şahin Seyidzadə Milli Teatr Günü münasibəti ilə Marionet Teatrının simasında bütün tədbir iştirakçılarını, eləcə də sənət adamlarını səmimi-qəlbdən təbrik edərək onlara gələcək fəaliyyətlərində peşə uğurları arzulayıb.
Bu gün ildönümünü qeyd etdiyimiz Azərbaycan teatr sənətinin qədim və zəngin tarixi yol keçdiyini qeyd edən İdarə sədri teatr sənətinin hər birimizin həyatında mühüm rol oynayan “mədəni institut” olduğunu vurğulayıb.
Ölkə başçısı cənab İlham Əliyevin, Birinci vitse-prezident Mehriban xanım Əliyevanın teatr sahəsinə o cümlədən, Marionet Teatrına xüsusi diqqət və qayğısını vurğulayan Ş. Seyidzadə milli dəyərlərə bağlılığı qorumaq və mədəni irsimizi gələcək nəsillərə ötürmək məqsədilə 2013-cü ildən fəaliyyət göstərən “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin nəzdində Marionet Teatrının uğurlarından, əldə etdiyi nailiyyətlərdən, gələcək layihələrindən danışıb.
Sonda Bakı Marionet Teatrının direktoru Tərlan Qorçuya və yaradıcı heyətinin üzvlərinə- aktyorlar Hikmət Hüseynova, Nazim Hüseynova, Həsən Yaqubova, Əli Allahverdiyevə, aktrisa Aysel Bədəlovaya və Fərizə Babayevaya İdarənin rəhbərliyi adından Fəxri Fərmanlar və hədiyyələr təqdim olunub.