Bakı. Trend:
Tanınmış rejissor və ssenari müəllifi, bir çox beynəlxalq kinofestivalların laureatı, Venesiyanın “Gümüş şir” mükafatina layiq görülmüş, Rusiyanın “Nika” kino mükafatını almış tanınmış rejissor və ssenari müəllifi Murad İbrahimbəyov Trend Life-a Azərbaycan Respublikasının minatəmizləmə agentliyinə (ANAMA) həsr olunmuş “ANAMA” tammetrajlı sənədli film üzərində işlərdən danışdı.
- Murad bəy, yeni işinizdən söhbət açın – filmin ideyası necə yarandı, kinofilm çəkmək fikri hardan qaynaqlanır?
- Əgər dəqiq olsam, ideya mənim ağlıma gəlməyib. Ötən ilin qışında mənə Azərbaycan Mədəniyyət nazirliyi tərəfindən minatəmizləyənlər haqqında, ANAMA-nın fəaliyyəti barədə sənədli film çəkmək təklifi gəldi. Təklif məni maraqlandırdı və ötən ilin yazında “Azərbaycanfilm” kinostudiyasında hazırlıq işlərinə başladım, yayda çəkilişləri reallaşdırdım. Hal-hazırda film montaj-tonvermə mərhələsindədir. İstərdim qeyd edim ki, bu, Bolqarıstanın “Miramar” studiyasının iştirakı və Bolqarıstan Mədəniyyət nazilliyinin dəstəyilə, birgə beynəlxalq layihədir.
- Filmin çəkilişləri harda aparılırdı?
- Film çəkilişlərindən əvvəl hazırlıq mərhələsi gəlir. Hazırlıq mərhələsində biz ANAMA bölmələri yerləşən bütün bazaları gəzdik, minatəmizləmə işlərinin aparıldığı bütün obyektlərə baxış keçirdik. Horadizdə, Ağdamda, Hadrutda, Göygöldə olduq...
Mən bu işin nədən ibarət olduğunu, prosesin necə getdiyini, bunun üçün hansı mütəxəssislərin vacib olduğunu anlamağa çalışırdım. ANAMA-da müxtəlif peşələrdən olan adamlar işləyir: minatəmizləyənlər, kinoloqlar, robotlaşmış maşınların operatorları, dron operatorları, həmin dronlarla aparılan aeroçəkilişin analitikləri.
Biz addım-addım çəkilişlərə hazırlaşırdıq. Əgər diqqətlə, tələsmədən hazırlaşırsansa, çəkiliş başlayanda, artıq işin içində olursan və materialın özü sənə filmin dramaturgiyası, təsvir həlli yolları barədə ipucu verir. İş mərhələsində özüm üçün qət elədim ki, bu lenti ənənəvi sənədli filmlərə aid etmək olmaz, daha doğrusu, elmi-kütləvi kino deyil - bunu həmin janra çox böyük hörmətlə demək istəyirəm.
Anladım ki, çəkdiyimiz film insanlar, insan taleləri haqqında olmalıdır və materialın özü bizə bu imkanı verir.
- İnsan amilini nəzərdə tutursunuz?
- Tamamilə doğrudur. Bunun üçün mühitin içinə tam girmək lazımdır. Kifayət qədər vaxtın və hövsələn olmalıdır ki, ətrafdakılar daim yanlarında olan çəkiliş qrupuna öyrəşsinlər. Çəkiliş qrupumuz böyük deyildi və çox nizamlı idi. Səhər altıda yemək, sonra sıraya düşülmə, sonra adamlar maşınlara minib minalanmış sahəyə yollanırdı; biz də onlarla birgə gedirdik.
- Siz daim ANAMA əməkdaşlarının yanında olurdunuz?
- Bəli. Təbii ki, həmişə yox. Bizə bilavasitə obyektdə onlara yaxınlaşmaq qadağan edilmişdi. ANAMA-nın çox sərt təhlükəsizlik protokolu var. Onların başlıca qaydası belədir: “təhlükəsizlik hər şeydən üstündür”.
- Bu iş ölüm-dirim sərhəddindədir?
- Supermüasir təminat, təchizat, çöldə çalışan işçilərin xüsusi geyimlərinə baxmayaraq, təbii ki, risk var. Onlar minatəmizləyəndirlər və risk, o qəhrəman peşənin bir hissəsidir.
- Yazılmış ssenari əsasında çəkilən aktyor filmi ilə minatəmizləyənlər haqqında sənədli film yəqin, tamam fərqli şeylərdir?
- Film ancaq minatəmizləyənlər barədə deyil. Filmi minatəmizləyənlər, həkimlər, yaxud idmançılar haqqında çəkmək olmaz. Müəllif kinosunda, özü də yalnız müəllif kinosunda da yox, rejissor üçün əsas olan filmin nədən bəhs elədiyini anlamaqdır. Gərək özündən soruşasan ki, o tarixçə nəyin haqqındadır? Özün üçün maksimum lakonik cavab formalaşdırmalısan.
Mənim tarixçəm yaralarını sağaldan bir xalqın tarixçəsidir. Millətin obrazı – bu torpağın insanıdır, o insan ki, öz evi, təsərrüfatı ilə məşğuldur və o, hər gün minalanmış əraziyə çıxır. Bu, təhqirə məruz qalmış torpaqlar, bu da, torpaqdan ölüm çıxaran insanlar. Azərbaycan planetimizin ən sıx minalandığı ölkələrdəndir. O ərazilərin sahəsi adamı heyrətə gətirir. İnsanlar doğma vətənlərini ölümdən qurtarırlar, bu, çox vaxt sözün birbaşa mənasında elədir. ANAMA əməkdaşları arasında ötən əsrin axırlarında köçkün düşmüş, öz evlərindən qovulmiş adamlar çoxdur. İnsan faciələri. Puç edilmiş həyatlar...
Və o vaxt, 1998-ci ildə böyük liderimiz Heydər Əliyev ANAMA-nı yaratdı. Bu, ölkə üçün çox ağır dövr idi, torpaqlarımızın 20 faizi erməni işğalçılarının əlində idi, Azərbaycan yenicə ayağa qalxırdı, ölkə rəhbəri isə minatəmizləmə agentliyi yaradır; işğalda olan ərazilərin minadan təmizlənməsi üçün.
Böyük siyasətçinin bəsirəti! Millətin lideri! O bilirdi ki, torpaqlar azad ediləcək; bilirdi ki, ölkəyə minatəmizləmə üzrə mütəxəssislər, peşəkarlar gərək olacaq. Və bu gün, 44 günlük Vətən müharibəsində qələbəmizdən sonra, onun yaratdığı ANAMA-ya heç vaxt olmadığı qədər ehtiyac var. O adamların texniki təminatına, bacarıqlarına və peşəkarlığına baxın. Minaların bəşəriyyət qarşısında duran ən ciddi problemlərdən biri olduğu dünyada ANAMA minatəmizləyənləri ən yüksək səviyyəli peşəkarlar sayılır.
Şəhərləri və kəndləri, tam xarabazara çevrilmiş nəhayətsiz ölüm çöllərini təsəvvür edin. Və bu cəhənnəmin içindən hərəkət edib öz işlərini görənlər ANAMA bölmələridir. Onların hərəkəti bir gün də dayanmır. Bu, minalanmış ərazidir – təsdiq olunmuş plana əsasən, ANAMA orda təhlükəsizlik dəhlizi yaradır. Və o dəhlizdə yolçəkənlər təcili işlərinə başlayır. Mən bunu öz gözümlə minatəmizləyənlərin çalışdığı obyektlərdən görmüşəm - yol-inşaat maşınları ordan da yaxşı görünür. Əzəmətli yolların, yol ayrıclarının, körpülərin tikintisi... İnsanların doğma ocaqlarına qayıtması üçün yollar lazımdır, yollar ölkənin qan damarlarıdır. Sağ-sol minalıdır, onlar sonra zərərsizləşdiriləcək. Lakin biz dayanmırıq, biz daha uzaqlara gedirik!
Yollar mənim filmimin obrazlarından biridir.
- Böyük Qayıdış…
- Dəqiq! Məlum olduğu kimi, indi Prezident İlham Əliyevin sərəncamı ilə təsdiq olunmuş “Azərbaycanın işğaldan azad edilmiş torpaqlarına Böyük qayıdış üzrə dövlət proqramı” uğurla həyata keçirilir. Və ANAMA o proqramın avanqardı, proqramın özü isə böyük atanın layiqli oğlunun dövləti düşüncəsinin təzahürüdür. Azərbaycanlıların gələcək nəsilləri üçün indi görülən işlərin əhəmiyyəti misilsizdir.
Necə deyərlər, baş əyirəm.
- Azərbaycan kino sənəti tarixində mötəbər beynəlxalq kinofestivallarda sizin qədər mükafat alan rejissor tapmaq asan deyil. Həyatınızda “ANAMA” filmi hansı yeri tutur?
- Heç vaxt mükafatlarımı saymaqla məşğul olmamışam, mənasız işdir. O ki, qaldı bu filmə, o mənim həyatımda əsas yeri tutur.
- Niyə?
- Çünki onu hələ bitirməmişəm. Məşğul olduğum istənilən layihə mənim həyatımda əsasdır.
- Hal-hazırda da elədir?
- Təbii, başqa cür ola da bilməz.
- Sualı başqa cür verim. Bu layihə sizə yaradıcılıq baxımından nə verdi?
- Kinonun bu dili mənim üçün yenidir, heç vaxt bənzər bir iş görməmişəm. Bu filmdə ssenari müəllifi və rejissor kimi çıxış edirəm, bu mənim müəllif filmimdir. Ümid edə bilərəm ki, film mənim ölkəm haqqında kino diliylə söylədiyim bir hekayət.
Amma, qabaqcadan deməyək – hələ hazır olmayan filmə sevinmək də düz deyil. Qarşıma qoyduğum hədəflərə bu mərhələdə çatmışam, amma yekuna hələ çox var.
- Layihənin yaradıcı heyəti haqda danışın.
- Mənim həmfikirlərdən ibarət gözəl qrupum var. Operator Nadir Mehdiyev öz işinin ustasıdır, elə bir material çəkə bilib ki, filmin fövqəlvəzifəsinə çox dəqiq işləyir; səs rejissoru Orxan Ağalarov. Bu film üçün səs çox mühümdür. Təmiz səsi çöl şəraitində yazmaq heç sadə iş deyil. Orxan bunun öhdəsindən gəldi.
Montaj rejissoru Elşad Rəhimov öz işinin nəzəriyyəsinə gözəl bələddir, mən onun məsləhətlərini çox yüksək qiymətləndirirəm. Tofiq Musayev – filmin prodüsseri. Tofiqlə mən artıq iyirmi ildən çoxdur ki, işləyirik. Bu insanlarla özümü çəkiliş meydançasında tam rahat hiss edirəm və onlara böyük minnətdarlığımı bildirirəm.
- Filmin prezentasiyası nə vaxt olacaq?
- Bu il.
- İnşaallah! Söhbətə görə sağ olun.
- Siz də sağ olun!