...

Azərbaycan pavilyonunun da təqdim olunduğu “İslam incəsənəti” Biennalesinin təntənəli bağlanış mərasimi baş tutacaq

Mədəniyyət Materials 20 May 2023 17:22 (UTC +04:00)
Azərbaycan pavilyonunun da təqdim olunduğu “İslam incəsənəti” Biennalesinin təntənəli bağlanış mərasimi baş tutacaq

Bakı. Trend:

20-23 may tarixlərində Səudiyyə Ərəbistanın Ciddə şəhərində Kral Abdullah bin Əbdüləziz adına Beynəlxalq Hava Limanının Həcc terminalında ilk "İslam İncəsənəti" Biennalesinin təntənəli bağlanış mərasimi baş tutacaq.

Trend xəbər verir ki, İslam incəsənətinin mənəvi, yaradıcı və estetik tərəflərinin keçmiş, indi və gələcəyinin öyrənilməsinə həsr olunmuş İslam İncəsənəti Biennalesi Həcc terminalında 70.000 m² sahəni əhatə edən ərazidə təşkil edilib.

Biennalda Azərbaycan Mədəniyyət Nazirliyinin dəstəyi ilə Azərbaycan Milli İncəsənət Muzeyinin islam incəsənəti kolleksiyası əsasında Azərbaycan pavilyonu da təqdim edilir.

Pavilyonda muzeyin kolleksiyasına məxsus dəyərli eksponatlar, həmçinin XIII əsrin yeganə tam əlyazması olan Əyyuqinin “Vərqa və Gülşah” poeması və rəssam Əbdülmömin Məhəmməd əl-Xoyinin illüstrasiyalarından ilhamlanaraq yaradılan “Vərqa və Gülşa: geri dönüş” adlı multimedia instalyasiyası nümayiş etdirilir.

Eyni zamanda tədbir çərçivəsində Azərbaycanın mədəni irsinin, zəngin musiqi sənətinin təbliği məqsədilə “Azərbaycanın səsi” adlı canlı ifalardan ibarət multimedia layihəsinin təqdimatı keçiriləcək.

Multimedia layihəsi çərçivəsində tar ustası İbrahim Babayevin, peşəkar rəssam, səs sənətçisi (sound artist) Fərhad Fərzəliyevin və istedadlı qrafik dizayner Timur Əmirxanın “Keçmişin səsi” və “Əbədi səs mənzərələri” adlı audio-vizual instalyasiyaları nümayiş etdiriləcək. Layihənin kuratoru Könül Rəfiyevadır.

Bundan əlavə tədbirdə Azərbaycan mətbəxinin tanıtımı və milli təamların dequstasiyası da nəzərdə tutulur.

Xəbər lenti

Xəbər lenti