...

Türkiyəli politoloq: Azərbaycan bu seçkilərlə dünyaya nümunə göstərəcək

Seçki 2015 Materials 26 Oktyabr 2015 20:14 (UTC +04:00)
Azərbaycan bu seçkilərlə dünyaya nümunə göstərəcək. Trend-in məlumatına görə, bunu Seçki-2015.az saytına müsahibəsində Ortadoğru Strateji Araşdırmalar Mərkəzinin direktoru, türkiyəli politoloq Həsən Kanbolat deyib.
Türkiyəli politoloq: Azərbaycan bu seçkilərlə dünyaya nümunə göstərəcək

Azərbaycan, Bakı, 26 oktyabr /Trend/

Azərbaycan bu seçkilərlə dünyaya nümunə göstərəcək. Trend-in məlumatına görə, bunu Seçki-2015.az saytına müsahibəsində Ortadoğru Strateji Araşdırmalar Mərkəzinin direktoru, türkiyəli politoloq Həsən Kanbolat deyib.

O, qeyd edib ki, istər parlament, istərsə də prezident seçkiləri Azərbaycan üçün çox önəmli hadisədir: "Mən 2013-cü ildə keçirilən prezident seçkilərində müşahidəçilərdən idim. Həmin vaxt demokratik, şəffaf seçkilərin keçirildiyinin şahidi olmuşam. Azərbaycan demokratik seçki ənənələrini inkişaf etdirib. Bununla yanaşı, sizin ölkənizdə ictimai-siyasi həyatda da inkişaf göz qabağındadır. Builki parlament seçkilərinə həm beynəlxalq təşkilatlardan, həm də Türkiyə ilə yanaşı, müxtəlif ölkələrdən müşahidə missiyaları gələcək və əminəm ki, onlar inkişafı öz gözləri ilə görəcəklər".

Politoloq hesab edir ki, Yeni Azərbaycan Partiyası seçkinin qalibi olacaq: "Çünki bu partiya iqtidar olduğu dövrdə Azərbaycanı çox irəliyə aparıb. Ölkəniz vaxtilə ən çətin dövrlərini yaşamasına baxmayaraq, hazırda dünyada ən seçilən dövlətlər sırasındadır. Təbii ki, bu da iqtidarda olan partiyanın apardığı siyasətdən irəli gəlir. Bu baxımdan, hakim partiyanı şanslı görürəm. Eyni zamanda buna qədərki seçkilərdə elm adamları, akademiklər parlamentdə təmsil olunublar. İnanıram ki, bu, davamlı olacaq".

H.Kanbolat ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosunun Azərbaycanda seçkiləri müşahidə etməkdən imtina etməsinə də toxunub: "Azərbaycan istər qonşu dövlətlər, istərsə də Avropa İttifaqı və Amerika Birləşmiş Ştatları ilə həmişə yaxşı münasibətlər qurmağa çalışır. İndiyə qədər də heç bir halda, Qərblə gərgin münasibətlərin tərəfdarı olmayıb. Lakin biz Qərbin Azərbaycanla öz şagirdi kimi davranmaq istəklərini görürük. Bu düşüncə kökündən yanlışdır və nəinki Azərbaycan, ümumiyyətlə, özünə hörmət edən heç bir ölkə bu cür yanaşmanı qəbul edə bilməz. Bu baxımdan, Azərbaycan müstəqil siyasət aparan, öz milli maraqlarından çıxış edən dövlət olaraq öz yolunu gedir. Digər tərəfdən, əgər Qərb ölkələri Cənubi Qafqazda güclü olmaq istəyirsə, regionun əsas gücü olan Azərbaycanla hesablaşmalıdırlar. Azərbaycanla dost olmaq istəyirlərsə, hər şeydən öncə onun ərazi bütövlüyünün bərpasına dəstək verməli, Dağlıq Qarabağ münaqişəsinin həllində maraqlı olmalıdırlar. Lakin biz Qərbin bunu etmədiyini, heç bir addım atmadan yalnız öz istəklərinin yerinə yetirilməsini istədiyini görürük. Daha dəqiq desək, bu gün Qərbin ikiüzlü siyasət apardığını müşahidə edirik. Bunun fonunda DTİHB-nin Azərbaycana müşahidə missiyası göndərməkdən imtina etməsi həmin siyasətin bir parçasıdır".

O, əlavə edib ki, DTİHB-nin müşahidə etməkdən imtina etməsinin Azərbaycandakı seçkilərə heç bir təsiri olmayacaq: "Azərbaycan demokratik ənənələrinə uyğun olaraq seçkiləri ədalətli və şəffaf keçirməklə dünyaya nümunə göstərəcək".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti