...

Qənirə Paşayeva müəllimlər və tibb işçiləri ilə görüşüb (FOTO)

Seçki 2015 Materials 30 Oktyabr 2015 18:33 (UTC +04:00)
Millət vəkili Qənirə Paşayeva 105 saylı seçki dairəsinə daxil olan kəndlərdən müəllimlər və tibb işçiləri ilə görüşüb, onların qayğı və problemləri ilə maraqlanıb.
Qənirə Paşayeva müəllimlər və tibb işçiləri ilə görüşüb (FOTO)

Azərbaycan, Bakı, 30 oktyabr /Trend/

Millət vəkili Qənirə Paşayeva 105 saylı seçki dairəsinə daxil olan kəndlərdən müəllimlər və tibb işçiləri ilə görüşüb, onların qayğı və problemləri ilə maraqlanıb.

Ölkəmizin inkişafında, gənc nəsillərin yetişdirilməsində fədakar müəllimlərimizin rolunu xüsusi vurğulayan millət vəkili müəllimlərin qayğı və problemləri ilə maraqlanıb, fikir mübadiləsi aparıb.

Müəllimlər Q.Paşayevanın 10 illik fəaliyyəti zamanı daim onlarla görüşdüyünü, qayğı və problemləri ilə maraqlandığını deyərək hər zaman Milli Məclisdə müəllimlərin səsi olaraq onları maraqlandıran və narahat edən məsələləri qaldırdığını xüsusi vurğulayıb və bu seçkilərdə də ona səs verəcəklərini bildiriblər.

Kəndlərdə tibb işçiləri ilə görüş zamanı isə seçicilər deyiblər: "Siz hər zaman Milli Məclisdə bizim səsimiz, eyni zamanda ailəmizin bir üzvü oldunuz və biz hər zaman sizin yanınızdayıq və seçkilərdə hər zaman bizim yanımızda olan millət vəkilinə - sizə səs verəcəyik".

Q.Paşayeva tibb işçiləri ilə də geniş fikir mübadiləsi aparıb və onları narahat edən məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

"Mən hər zaman sizə xidmət etməkdən, millətimi, dövlətimizi təmsil etməkdən şərəf durdum", - deyən millət vəkili bundan sonra da bu istiqamətdə var-gücü ilə çalışacağını bildirib.

Q.Paşayeva, həmçinin 2 kəndin sakinlərini qəbul edib, qayğı və problemlərini dinləyib və müvafiq qurumlarla müzakirə aparıb.

Xüsusilə gənc sakinlər millət vəkilindən onların işlə təmin olunmasında köməklik göstərilməsini xahiş ediblər. Ali və peşə təhsili olan bir sıra gənclərlə bağlı bəzi qurumlara müraciət edən Q.Paşayeva heç bir peşə sahibi olmayan gənclərin müəyyən sənətləri öyrənməsinin vacibliyini deyib və onlara məsləhət və tövsiyələrini verib.

Millət vəkili ilə görüş zamanı ona müraciət edənlər arasında müxtəlif xəstəliklərdən əziyyət çəkən və əməliyyata ehtiyacı olan xəstələr üstünlük təşkil edib. Q.Paşayeva həmin xəstələrin yüksək səviyyəli müalicə almaları və əməliyyat olunmaları üçün Səhiyyə Nazirliyi ilə əlaqə saxlayaraq Bakıda və ya Rayon Mərkəzi Xəstəxanasında yerləşdirilməsini təşkil edib. Millət vəkili ona müraciət edən fiziki imkanları məhdud insanların müraciətləri ilə bağlı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və onun rayondakı nümayəndələri ilə müzakirələr aparıb, onların bəzilərinin müalicə almaları üçün Əlillərin Bərpa Mərkəzinə yerləşdirilməsini xahiş edib.

Müraciətlər arasında ünvanlı sosial yardıma ehtiyac olduğunu bildirənlər xüsusi yer tutub və Q.Paşayeva bununla bağlı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin rayondakı təmsilçiləri ilə müzakirə apararaq qanunlar çərçivəsində dəstəyi daha da artırmalarını xahiş edib.

Alimenti ala bilməyən qadınların müraciətlərini də dinləyən millət vəkili bu məsələ ilə qanunvericilikdə anaların hüquqlarının daha da qorunması ilə bağlı addımlar atıldığını, amma təəssüf ki, hələ də bu istiqamətdə müraciətlərin sayının azalmadığını vurğulayıb.

Bir sıra 1-ci qrup əlillərini və ailə üzvlərini dinləyən Q.Paşayeva 1-ci qrup əlillərə baxan şəxslərə müavinət verilməsi ilə bağlı məsələni Milli Məclisdə bir neçə dəfə səsləndirdiyini və əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümovla müzakirə etdiyini deyərək, bu məsələnin həmin ailələr üçün nə qədər önəmli olduğunu bildiyini və təkrar müvafiq qurumlara çatdıracağını deyib.

Bir sıra vətəndaşlar evlərinə təbii qaz çəkilməsi və ya verilməsi sahəsindəki problemlər barədə də danışaraq millət vəkilindən onları müvafiq qurumlarla müzakirə apararaq həllinə dəstək göstərilməsini xahiş ediblər. Q.Paşayeva "Azəriqaz" İstehsalat Birliyinin rəhbəri Əkbər Hacıyev və qurumun rayondakı nümayəndələri ilə əlaqə saxlayaraq dəstək göstərilməsi ilə bağlı müraciət edib.

Bundan başqa, təhsil, elektrik və su təminatı sahəsi ilə bağlı da xeyli müraciətlər olub ki, millət vəkili Q.Paşayeva onların həlli istiqamətində də müvafiq qurumlarla danışıb və müzakirələr aparıb.

Q.Paşayeva son illlərdə cənab Prezidentin rəhbərliyi altında ölkəmizdə və Tovuzda görülən böyük işlər, həllini tapan çoxlu sayda problemlər barədə də məlumat verib: "Ölkəmiz daha da inkişaf edib imkanları artdıqca həllini gözləyən bir sıra digər problemlər də öz həllini tapacaq".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti