Azərbaycan, Bakı, 2 noyabr /Trend, müxbir İlhamə İsabalayeva/
Azərbaycanda noyabrın 1-də keçirilən parlament seçkilərində diqqəti ən çox cəlb edən məsələlərdən biri qadınların seçkilərdə aktiv iştirak etməsi idi. Trend-in məlumatına görə, bunu Asiya Siyasi Partiyaları Beynəlxalq Konfransının (ICAPP) baş katibi Çunq Eui-yonq deyib.
Onun sözlərinə görə, təşkilatın nümayəndələri Mərkəzi Seçki Komissiyasının dəvəti ilə seçkiləri müşahidə etmək məqsədilə Azərbaycana gəliblər: "Ötən gün ICAPP-ın nümayəndələri müxtəlif məntəqələrə baş çəkib, eyni zamanda məntəqələrdə səslərin hesablanması prosesində iştirak ediblər".
Ç.Eui-yonq deyib ki, ICAPP nümayəndələrinin apardığı müşahidələrin nəticələrinə görə, ümumilikdə seçki prosesi dinc şəraitdə keçirilib, seçkilərin nəticələrinə təsir göstərə biləcək, demokratiyanın prinsiplərinə xələl gətirəcək hər hansı hadisə baş verməyib.
Təşkilatın baş katibi bildirib ki, seçki məntəqələrində prosesi onlayn izləmək üçün kameraların quraşdırılması seçkilərin daha da şəffaf keçirilməsinə imkan verir: "Biz ümid edirik ki, bu parlament seçkiləri ölkədə demokratiyanın inkişafına daha müsbət təsir göstərəcək".