...

Gəncədə gecə klubundakı kütləvi dava ilə bağlı cinayət işi başlandı - 5 nəfər saxlanıldı

Gündəm Materials 24 Yanvar 2018 10:47 (UTC +04:00)
Gəncə şəhərində gecə klubunda baş verən kütləvi dava ilə bağlı cinayət işi başlanıb. Bu barədə Trend-ə Gəncə şəhər Prokurorluğundan məlumat verilib
Gəncədə gecə klubundakı kütləvi dava ilə bağlı cinayət işi başlandı - 5 nəfər saxlanıldı

Bakı. Samir Əli - Trend:

Gəncə şəhərində gecə klubunda baş verən kütləvi dava ilə bağlı cinayət işi başlanıb.

Bu barədə Trend-ə Gəncə şəhər Prokurorluğundan məlumat verilib.

Məlumatda bildirilir ki, baş vermiş hadisə ilə bağlı Cinayət Məcəlləsinin 29,120.2.2 -ci (xuliqanlıq niyyəti ilə adam öldürməyə cəhd) və 221-ci (xuliqanlıq) maddələri ilə cinayət işi başlanılıb. Hadisə ilə bağlı 5 nəfər şübhəli şəxs qismində saxlanılaraq istintaqa cəlb edilib.

Keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən şəxslər qısa zamanda polis əməkdaşları tərəfindən müəyyən ediliblər. Gəncə şəhər sakinləri Azər Məmmədov, Nicat Mustafayev, habelə hadisənin digər iştirakçıları İlkin İsmayılov, Fəxrəddin Məmmədov və Pərviz Qasımov saxlanılaraq istintaqa təhvil veriliblər.

Qeyd edək ki, yanvarın 22-də gecə saatlarında Gəncə şəhərində fəaliyyət göstərən “X-Club” gecə klubunda kütləvi dava baş verib. Hadisə nəticəsində üç nəfər - Şəmkir rayon sakinləri, 1996-cı il təvəllüdlü Rzazadə Orxan Vahid oğlu, 1993-cü il təvəllüdlü Rüstəmov Orxan Namiq oğlu və 1994-cu il təvəllüdlü Məmmmədov Orxan Elman oğlu bıçaqlanıblar.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti