Bakı. İlhamə İsabalayeva - Trend:
Elmi tədqiqat institutlarının direktorları elmə həvəsi olan gəncləri stimullaşdırmalıdır.
Trend-in məlumatına görə, bunu Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti, akademik Akif Əlizadə Rəyasət Heyətinin bu gün keçirilən iclasında çıxışında deyib.
A.Əlizadə 1 ay əvvəl elan etdikləri müsabiqəyə eyni mövzuda olan layihələrin nəticələrindən narazı qaldığını da açıqlayıb:
"Akademiyanın özünün maliyyəsinin bir o qədər də çox olmadığı dövrdə elmi-texniki proqramlar üzrə respublika müsabiqəsi elan etdik. Əfsuslar olsun ki, 70-dən artıq layihə təqdim olunub, onlardan yalnız 16-sı ekspertizadan keçib. Ümumilikdə layihələr təkrar mövzular üzrə olub. Müsabiqəyə təqdim olunan layihələr o qədər innovativ olmalıdır ki, biz ona maliyyə ayıraq. Ona görə də bütün mövzuları geri qaytarırıq".
O əlavə edib ki, bölmələr özü seçim etməlidirlər: "Akademiya maksimum 10-12 proqramı maliyyələşdirə biləcək. O proqramların arxasında da böyük elmi əsaslandırma olmalıdır. Burada elə yeni istiqamət olmalıdır ki, onlar gələcək elmə töhfə versinlər".