Bakı. Elçin Mehdiyev – Trend:
Kənd təsərrüfatı texnikasınının magistral yollarda hərəkəti ümumi hərəkət üçün təhlükə yaradır. Trend-in məlumatına görə, bunu Baş Dövlət Yol Polisi İdarəsinin Yol-Patrul Xidmətinin rəisi Kamran Əliyev deyib.
K.Əliyev bildirib ki, kənd təsərrüfatı texnikasının xüsusilə qoşqularla birgə hərəkət etməsi ciddi təhlükələr törədir: “Təsəvvür edin, traktor hərəkət edir və arxasında kotan. Gecə vaxtı belə traktor hərəkət edərkən arxadan gələn avtomobil yalnız traktoru görür, kotanı görə bilmir. Bu ilin may ayında belə bir traktorun arxasına minik avtomobili çırpıldı və sürücü həlak oldu, sərnişini isə ağır yaralandı”.
Xidmət rəisi qeyd edib ki, digər bir problemin də traktorların qoşqularında sərnişin daşınması ilə bağlıdır. O qeyd edib ki, qanunvericiliyə əsasən, traktorların qoşqularında sərnişin daşımaq qadağandır: “Bir müddət əvvəl traktorun aşmaşı nəticəsində neçə nəfər həyatını itirdi. Bu baxımdan təhlükəsizlik məsələlərinə ciddi nəzarət olunmalıdır”.
K.Əliyevin sözlərinə görə, rəhbərlik traktorların və digər kənd təsərrüfatı texnikalarının gecə vaxtında magistral yollarda hərəkətinin qadağan edilməsi ilə bağlı tapşırıq verib: “Düzdür, kənd təsərrüfatı texnikaları avtomobil yoluna çıxmaq məcburiyyətindədir. Ancaq bu cür texnikalar yola çıxarkən bizə məlumat verilsin ki, biz onu müşahidə edək, təhlükəsizliyi təmin edək. Təsəvvür edin, kombaynın eni 5 metrdir. Ona hərəkət zamanı nəzarət olunmalıdır”.
İdarə rəsmisi əlavə edib ki, traktor sürücüləri bir sıra hallarda sərxoş olur: “Nə qədər traktor sürücüsünü sərxoş vəziyyətdə saxlayırlar. Düşünürlər ki, traktoru kim saxlayacaq və ona görə də sərxoş vəziyyətdə idarə edirlər ki, bu da yol qəzalarının baş verməsinə səbəb olur”.
K.Əliyev minik avtomobillərində kənd təsərrüfatı məhsullarının gətirilməsi məsələsinin də yollarda təhlükə törətdiyini diqqətə çatdırıb: “Səhər tezdən paytaxta, bazara çatmaq üçün gecə yola çıxırlar. Bütün günü işləmiş insan, yorğun vəziyyətdə yola çıxır ki, bu da qəzaların ba verməsinə səbəb olur”.