Bakı. Trend:
Məşhur opera ulduzları Anna Netrebko, Yusif Eyvazov və Elçin Əzizovun mayın 11-də Heydər Əliyev Mərkəzində keçiriləcək konsertinə biletlər bitib.
Trend-in məlumatına görə, bütün biletlər 2 gün ərzində satılıb.
Müxtəlif operalardan ariyaların ifa olunacağı “Azərbaycana sevgi ilə” adlı konsert proqramında ifaçıları Xalq artist Rauf Abdullayevin dirijorluğu ilə Ü.Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestri müşayiət edəcək.
“Əziz bakılılar, əziz həmvətənlərim, Bakıda, Heydər Əliyev Mərkəzinin səhnəsində tezliklə konsert verəcəyimizdən inanılmaz dərəcədə şadam. Konsertdə dünya operasında şedevrlər, o cümlədən Azərbaycan bəstəkarlarının əsərləri səslənəcək", - deyə Yusif Eyvazov öz facebook səhifəsində konsert barədə yazıb.
Təəssüratlarını sosial şəbəkədə bölüşən izləyicilər bu konsert proqramını musiqi bayramı, əlamətdar hadisə kimi səbirsizliklə gözlədiklərini bildiriblər.
Beləliklə, mayın 11-də sizi Heydər Əliyev Mərkəzində 3 möhtəşəm sənətkar-Anna Netrebko, Yusif Eyvazov və Elçin Əzizovun ifasında unudulmaz bir musiqi gecəsi gözləyir.