Bakı. Elçin Mehdiyev - Trend:
Azərbaycan Milli Elmlər Akademiyasının N.Tusi adına Şamaxı Astrofizika Rəsədxanası kosmik hava durumu və proqnozunu açıqlayıb.
Rəsədxanadan Trend-ə bildiriblər ki, Günəş fəallığı çox aşağı səviyyədə olub. Günəş diski ləkəsizdir. Koronoqraf görüntülərində Yerə doğru yönələn hər hansı bir cism aşkar olunmayıb.
Hesabat dövründə ACE peyki vasitəsilə aparılan ölçmələrdə Günəş küləyi parametrlərində normal rejimə uyğun qiymətlər müşahidə olunub. Günəş küləyinin sürəti 310 - 330 km/san intervalında olub.
Geomaqnit sahə, son 24 saat ərzində ümumən çox sakitdir.
Qeyd edilir ki, proqnoz dövründə (26 - 28 avqust) Günəş fəallığı çox aşağı səviyyədə qalacaq. Günəş küləyi parametrlərinin nisbətən güclənəcəyi proqnozlaşdırılır.
Proqnoz dövründə ilk iki günlər (26, 27 avqust) qeyri-stabil şərait proqnozlaşdırılır. Sonuncu proqnoz günü (28 avqust) nisbətən sabit şərait müşahidə olunacaq. Maqnit qasırğasının yaranması ehtimalı 26 və 28 avqust proqnoz tarixlərində 5%-dən, 27 avqustda isə 10%-dən aşağı qiymətləndirilir.