...

Əlaqələndirmə Qərargahının nəzdində Ekoloji məsələlər üzrə İşçi Qrupun növbəti iclası keçirilib

Gündəm Materials 31 İyul 2021 10:58 (UTC +04:00)
Əlaqələndirmə Qərargahının nəzdində Ekoloji məsələlər üzrə İşçi Qrupun növbəti iclası keçirilib

Bakı. Trend:

Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərində məsələlərin mərkəzləşdirilmiş qaydada həll edilməsi üçün yaradılmış Əlaqələndirmə Qərargahının nəzdində fəaliyyət göstərən İdarələrarası Mərkəzin Ekoloji məsələlər üzrə İşçi Qrupun növbəti iclası keçirilib.

Trend-in məlumatına görə, iclasda Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyinin, İqtisadiyyat Nazirliyinin, Kənd Təsərrüfatı Nazirliyinin, Fövqəladə Hallar Nazirliyinin və digər müvafiq dövlət qurumlarının məsul nümayəndələri iştirak ediblər.

“Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərində hərbi-siyasi, sosial-iqtisadi, humanitar, təşkilati və digər təxirəsalınmaz məsələlərin həlli ilə bağlı Fəaliyyət Planı” üzrə aidiyyəti qurumlar tərəfindən ekoloji vəziyyətin qiymətləndirilməsi məqsədilə işğaldan azad edilmiş rayonlarda aparılan kompleks monitorinqlər, o cümlədən transsərhəd çayların çirklənməsinə nəzarət edilməsi və radioekoloji vəziyyətin qiymətləndirilməsi məqsədilə aparılan monitorinqlər haqqında qrup üzvlərinə məlumat verilib. Həmçinin Fəaliyyət Planının icrası ilə bağlı aidiyyəti qurumların nümayəndələri tərəfindən məlumatlar verildi, tədbirlərin icrası zamanı qarşıya çıxan məsələlərin həlli istiqamətində müzakirələr aparıldı.

Ətraf mühitə və təbii sərvətlərə vurulmuş zərərlə bağlı qanunvericiliyə uyğun qiymətləndirmələr aparılır. Zəngilan və Cəbrayıl rayonları üzrə araşdırma materialları hüquqi qiymət verilməsi üçün Azərbaycan Respublikasının Baş Prokurorluğuna təqdim edilmişdir, hazırda Füzuli rayonu haqqında arayış hazırlanır.

Azərbaycan Respublikasının işğaldan azad olunmuş ərazilərindəki şəhər və qəsəbələrin Baş planının hazırlanması məqsədilə Şuşa, Ağdam, Füzuli, Cəbrayıl, Zəngilan, Kəlbəcər, Qubadlı şəhərlərində, bu rayonların kəndlərində və Hadrut qəsəbəsində “Dron” uçuş aparatı vasitəsilə 187,16 km2 ərazinin fotoçəkilişləri aparılmış, 1:1000 -1:2000 miqyasda ortofotoplanlar və rəqəmsal topoqrafik planlar hazırlanaraq Dövlət Şəhərsalma və Arxitektura Komitəsinə təhvil verilmışdir.

İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Rəqəmsal Geoloji İnformasiya Sisteminə qoşulmalı olan qurumlar tərəfindən görülmüş işlər və bununla bağlı planlaşdırılan təlimlər haqqında qrup üzvlərinə məlumat verildi, çatışmazlıqların aradan qaldırılması tövsiyə olundu.

İşğaldan azad edilmiş ərazilərdə baş verən yanğın hadisələri haqqında Fövqəladə Hallar Nazirliyinin məlumatında iyun ayı ərzində 116 belə hadisəsinin baş verdiyi qeyd olundu. Qərargahın tapşırığı və görülən tədbirlər nəticəsində iyul ayında yanğın hadisələrinin sayının 60-a endiyi və bu işlərin daim nəzarətdə saxlanılmasının vacibliyi vurğulandı.

Qarabağın işğaldan azad edilmiş ərazilərində hidroloji obyektlərin Coğrafi İnformasiya Sistemləri (CİS) bazasında, Azərsky və “Dron” çəkilişləri əsasında elektron xəritəsinin yaradılması işləri davam edir. Çaylar üzərində quraşdırılacaq yeni avtomat hidroloji cihazların yerlərinin dəqiqləşdirilməsi işləri yekunlaşdırılmışdır, çaylarda sululuğun ölçülməsi və çirklənmə vəziyyətinin müəyyənləşdirilməsi, o cümlədən Zəngilan rayonunun ərazisindən axan Oxçuçay çayının kəmiyyət və keyfiyyət göstəricilərinə analitik nəzarət davam edir.

Qrup fəaliyyətini İdarələrarası Mərkəzin digər işçi qrupları ilə sıx əlaqə və məlumat mübadiləsi formatında həyata keçirməkdədir.

Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 24 noyabr tarixli Sərəncamı ilə yaradılmış Əlaqələndirmə Qərargahına Prezident Administrasiyasının rəhbəri Samir Nuriyev rəhbərlik edir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti