Bakı. Samir Əli - Trend:
Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi Bakı şəhər sakini Elbrus Yusifovun əlillik dərəcəsindən məhrum edilməsi barədə yaydığı videomüraciətə münasibət bildirib.
Agentliyin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Tural Qurbanov Trend-ə bildirib ki,
sağlamlıq vəziyyəti əlilliyə əsas verməyən bir şəxsə əlillik dərəcəsi təyin etmək qadağandır:
"Hələ bu ilin martında Bakı şəhər sakini Yusifov Elbrus Yusif oğlu ilə bağlı e-sistemə daxil edilmiş göndərişin əlillik təyinatına əsas vermədiyi müəyyən olunub. Bundan sonra da son aylarda onun müraciəti əsasında 2 dəfə (14 və 30 iyunda) Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyində əyani müayinəsi aparılıb.
Hər iki əyani müayinə zamanı da onun əlillik vəziyyətində olmadığı müəyyən edilib. Bu səbəbdən də əlillik təyin edilməsindən imtina qərarı qüvvədə saxlanılıb".