...

Nizami Gəncəvinin 880 illiyinə həsr edilən tədbir keçirilib (FOTO/VİDEO)

Gündəm Materials 8 Dekabr 2021 18:29 (UTC +04:00)
Nizami Gəncəvinin 880 illiyinə həsr edilən tədbir keçirilib (FOTO/VİDEO)

Bakı. Trend:

Cəmşid Naxçıvanski adına Hərbi Liseydə Həzi Aslanov adına Ordu İdeoloji və Mədəniyyət Mərkəzinin təşkilatçılığı ilə dahi şair və mütəfəkkir Nizami Gəncəvinin 880 illiyinə həsr edilən tədbir keçirilib.

Müdafiə Nazirliyindən Trend-ə verilən məlumata görə, tədbirdə Cəmşid Naxçıvanski adına Hərbi Liseyin şəxsi heyəti, Həzi Aslanov adına Ordu İdeoloji və Mədəniyyət Mərkəzinin yaradıcı kollektivi və ictimaiyyət nümayəndələri iştirak ediblər.

Əvvəlcə ümummilli lider Heydər Əliyevin və Vətənimizin müstəqilliyi, ərazi bütövlüyü
uğrunda şəhid olanların xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Azərbaycan
Respublikasının Dövlət Himni səsləndirilib.

Çıxış edənlər Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamı ilə 2021-ci il klassik Azərbaycan şairi “Nizami Gəncəvi ili” elan edilməsinin azərbaycançılığa, onun tarixinə və mədəniyyətinə olan ehtiramın təzahürü olduğunu qeyd ediblər. Bildirilib ki, dünya ədəbiyyatının görkəmli nümayəndəsi, dahi Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvi bəşəriyyətin bədii fikir salnaməsində yeni səhifə açmış nadir şəxsiyyətlərdəndir. Dahi sənətkarın xalqımızın mənəviyyatının ayrılmaz hissəsinə çevrilmiş parlaq irsi əsrlərdən bəri Şərqin misilsiz mədəni sərvətlər xəzinəsində özünəməxsus layiqli yerini qoruyub saxlamaqdadır. Nizami Gəncəvinin yubiley tədbirləri ölkəmizdə hər zaman təntənə ilə qeyd edilib.

Azərbaycanın klassik ədəbi-mədəni irsinə həmişə milli təəssübkeşlik və vətənpərvərlik mövqeyindən yanaşan ümummilli lider Heydər Əliyev Nizami irsinə daima xüsusi diqqət yetirirdi. Ümummilli lider hakimiyyətdə olduğu dövrdə Azərbaycan mədəniyyətinə, milli-mənəvi dəyərlərə hər zaman yüksək qiymət verilib və bu siyasətin məntiqi davamıdır ki, bu gün ölkə üzrə mütəfəkkir şairimizin irsini təbliğ edən silsilə tədbirlər keçirilir.
Azərbaycan Ordusunda təşkil olunan və dahi şairin irsinin öyrənilməsinə həsr olunmuş silsilə tədbirlər şəxsi heyətin mənəvi-psixoloji hazırlığının yüksəlməsində mühüm rol oynayır.

Tədbirin bədii hissəsində Həzi Aslanov adına Ordu İdeoloji və Mədəniyyət Mərkəzinin yaradıcı kollektivinin ifasında Nizami Gəncəvinin əsərlərinə bəstələnmiş muğam və musiqili kompozisiyaları tədbir iştirakçılarına təqdim olunub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti